İlham Əliyev: Yeni qaz yatağı Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək

481

Böyük təbii qaz yatağının kəşf olunması Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.

Qazma gəmisi 
“Fatih”

“Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür”, – Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd edib.

Həmçinin, prezident Əliyev xatırladıb ki, iki ölkə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir.

“Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir”, – Əliyev qeyd edib.