“Dəniz Kuboku” müsabiqəsində yeni yarışma növləri əlavə oluna bilər

339

“Dəniz Kuboku” müsabiqəsinin əsas məqsədi sülhü möhkəmləndirmək, dostluq münasibətlərini inkişaf etdirmək və təhlükəsizliyi təmin etməkdir.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu sözləri mətbuat konfransında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Kontr-admiralı Sübhan Bəkirov deyib.

“Yarış həm də iki ölkənin dənizçiləri arasında təcrübə mübadiləsi məqsədi daşıyır”, – S.Bəkirov mətbuat konfransında fikrini davam edərkən qeyd edib.   

Rusiya Hərbi Dəniz Qüvvələri Baş Komandanının müavini, vitse-admiral Vladimir Kasatonov bildirib ki, bu il müsabiqə çətin şərtlər altında keçirilir və koronavirus pandemiyası yarışmada iştirak edənlərin sayının azalmasına səbəb olub.

Buna baxmayaraq V. Kasatonovun qeyd edib ki, “Dəniz Kuboku” gələn il də davam edəcək: “Mümkündür ki (2021-ci ildə) yeni yarışma növləri əlavə olunsun”.

“Dəniz kuboku” ArMİ-2020 beynəlxalq müsabiqəsi avqustun 25-dən sentyabrın 4-nə qədər Azərbaycan HDQ-nin “Puta” hərbi dəniz bazasında keçiriləcək.

Müsabiqə dövründə dənizçilər dəniz və hava hədəflərinin məhv edilməsi, xilasetmə təlimi, gəmilərin lövbər salmasını, habelə gəminin sağ qalması uğrunda artilleriya atəşində bacarıqlarını nümayiş etdirməli olacaqlar.

Bu il yarışda iki komanda iştirak edəcək.

Rusiya Federasiyasını  “Mahaçkala” kiçik artilleriya gəmisi, Azərbaycan Respublikasının isə “G-122” patrul gəmisi təmsil edəcək.

Qazaxıstan və İran tərəfi pandemiya səbəbindən yarışda iştirak etməkdən imtina etdilər.