BP külək elektrik stansiyaları ilə bağlı layihəyə qoşuldu

373

BP şirkəti külək elektrik stansiyalarının inkişafına dair Norveçin “Equinor” enerji şirkəti tərəfindən həyata keçirilən böyük bir layihəyə qoşulduğunu elan edib.

“Report” xəbər verir ki, layihədə 50 faizlik pay üçün 1,1 milyard ABŞ dolları ödəməyi nəzərdə tutan BP üçün bu yatırım külək enerjisinin istifadəsi sahəsinə indiyədək ən böyük sərmayədir.

Qeyd edək ki, layihə çərçivəsində Nyu-York və Massaçusets ştatlarının dəniz sahillərindən 20-40 km məsafəsində, açıq dənizdə külək generatorları quraşdırılır. Bunların yerləşdirildiyi iki sahədən biri 320 kvadratkilometrlik “Empire Wind” ərazisində cəmi 60-80 turbin quraşdırmaq nəzərdə tutulur. Həmin sahədən 2020-ci illərin ortalarından etibarən 2 Gvt-dək enerji əldə etmək hədəflənir. “Beacon Wind” adlı 500 kvadratkilometrlik ikinci sahənin isə layihə gücü 2,4 gVt-dır.

Sözügedən sərmayəni şərh edən BP-nin rəhbəri Bernard Luney bildirib: “Bu, birləşmiş enerji şirkətinə gəlməklə bağlı yeni strategiyamıza başlamaq üçün mühüm ilkin addım və təməl daşıdır. Məlum olduğu kimi, ildə 20 faiz artan dəniz külək enerji istehsalı dünyanın hasilat ehtiyacının mühüm hissəsini ödəyir. Bu sektorun tanınmış lideri olan “Equinor”la tərəfdaşlığımız iki şirkət arasında uzun tarixə malik bağlantı üzərində qurulur. Bu addım bərpa olunan enerji ehtiyatlarımızı sürətlə artırmaq məqsədimizə çatmağımız üçün başlıca rol oynamaqla dünyanın ehtiyac duyduğu enerji əldə etməyimizdə yardım edəcək”.