Bakı Limanı ilə İranın Xəzərdəki limanlarının əməkdaşlıq perspektivləri müzakirə olunub

282

Sentyabrın 14-də İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatının təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında üçtərəfli videokonfrans formatında iclas keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin iştirak etdiyi iclasa “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktorunun baş müşaviri Babək Məmmədov və digər əməkdaşlar da qatılıblar. Görüş zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə İranın Xəzər dənizində yerləşən limanlarının əməkdaşlıq perspektivləri, o cümlədən ənənəvi olan sərnişindaşıma, Xəzər hövzəsində kruiz səfərlərinin təşkil olunması və iki ölkə arasında dəniz nəqliyyatı ilə əməkdaşlığa təkan verəcək məsələlər barədə müzakirələr aparılıb.

Seyid Abbas Musəvi və ölkənin Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və müqavilələr üzrə baş idarəsinin direktoru Xosrov Sarai qeyd ediblər ki, Xəzər dənizi dostluq və əməkdaşlıq dənizidir. Bildirilib ki, İran və Azərbaycan vacib mədəni və tarixi ortaqlıqlara sahib ölkələrdir.

Müzakirələr ümumi maraq doğuran məqamlar ətrafında davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır