SOCAR və BP ətraf mühitlə bağlı razılığa gəldilər

282

“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (CEPI) üzrə Anlaşma Memorandumu imzalandı

14 sentyabr 2020-ci il tarixində SOCAR-ın “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə CEPİ üzrə Anlaşma Memorandumunun imzalanma tədbiri keçirilmişdir.SOCAR-ın təşəbbüsü əsasında SOCAR, KazMunayGas, BP, “Equinor” Abşeron AS və “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə yaradılmış “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve – CEPI) çərçivəsində Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılması nəzərdə tutulur.

CEPİ-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbiri açılış nitqi ilə başlayaraq Təşəbbüsün gələcək fəaliyyəti və nəzərdə tutulan planlar haqqında məlumat vermişdir.

Anlaşma Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev, KazMunayGas şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev, BP şirkətinin AGT Regionu üzrə prezidenti Qəri Cons, “Equinor” Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən imzalanmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin İnkişaf Proqramının Ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti müşahidəçi qismində iştirak etmişlər.

İştirakçıların hər biri imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti barədə çıxış etmişlər.

Qeyd etmək lazımdır ki, Rosneft, Gazprom və Eni şirkətləri CEPI-yə üzv kimi, BMT, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı isə müşahidəçi qismində qoşulmaqları haqqında öz niyyətlərini bəyan etmişlər.

Anlaşma Memorandumu imzalandıqdan sonra tədbir iştirakçıları “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”nin ərazisində ağac əkmişlər.

Xatırladaq ki, Azərbaycan Respublikası BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında qəbul olunan Paris Sazişini imzalayaraq, istixana qazlarını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq niyyətini geniş beynəlxalq ictimaiyyətə göstərmişdir. Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin təhlükəsizliyi və resurslardan səmərəli istifadə edilməsi, karbon intensivliyinin azaldılması və bölgənin davamlı inkişafının təmin edilməsi istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir.

Qeyd: Tədbir açıq havada keçirilib və pandemiya dövrünün şərtlərinə uyğun olaraq, tədbir zamanı sosial məsafə gözlənilib. 

Mənbə:http://caspianbarrel.org/