Türkmənistanda Aral böhranının təsirinin azaldılması üzrə elmi mərkəz yaradılacaq

235

Türkmənistanda Aral dənizi fəlakətinin ətraf bölgələrdəki yaşayış mühitinə təsirini öyrənmək üçün Elmi-Klinik Mərkəz yaradılacaq. Mərkəzin vəzifələrinə Aral dənizi böhranının nəticələrinin mənfi təsirinin minimuma endirilməsi və bununla əlaqəli xəstəliklərin qarşısının alınması məsələləri daxil ediləcək.

AZƏRTAC “ORIENT” portalına istinadla xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədov bunu Aşqabad yaxınlığında, Ak Buğday mahalının Bağabat kəndində tikilməkdə olan sanatoriyaya baş çəkərkən söyləyib.

Virusologiya, Bakteriologiya və Epidemiologiya Elmi-Klinik Mərkəzinin sanatoriyanın tikildiyi həmin Axal rayonunda yerləşdirilməsi planlaşdırılır.

Aral dənizi faciəsi müasir tarixdə ən böyük qlobal ekoloji fəlakətlərdən biridir. Bu, Orta Asiyanın 62 milyon əhalisinə təsir edərək bölgənin davamlı inkişafını, sağlamlığını, genefondunu və orada yaşayan insanların gələcəyini təhdid edir. Dənizin qurumasının birbaşa nəticəsi təkcə Orta Asiyada deyil, digər bölgələrdə də hiss olunan iqlim dəyişikliyinə çevrilib. Böhran zonası birbaşa Türkmənistan, Qazaxıstan və Özbəkistan ərazilərini, dolayısı ilə Tacikistan və Qırğızıstan ərazilərini əhatə edir.

Aral dənizinin açıq hissəsində 5.5 milyon hektar ərazisi olan yeni bir duz səhrası meydana gəlib. İldə 90 gündən çox müddət ərzində onun üzərini bürüyən toz fırtınaları hər il atmosferə 100 milyon tondan çox toz və zəhərli duz daşıyır.

Beynəlxalq mütəxəssislərin fikrincə, Aral bölgəsindən zəhərli duzlar Antarktida sahillərində, Qrenlandiya buzlaqlarında, Norveç meşələrində və dünyanın digər yerlərində aşkar olunub.

İndiki dövrün ən vacib vəzifəsi Aral dənizi böhranının ətraf mühitə və bölgədə yaşayan milyonlarla insanın yaşayışına dağıdıcı təsirini azaltmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır