ADDA tələbələrinə təqaüdlər təyin edilib

424

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını müvəffəqiyyətlə başa vuran tələbələrə təqaüdün təyin olunması haqqında əmr imzalayıb.

Əmrə əsasən, ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının bakalavriat pilləsində təhsil alan 53 tələbəsi “Əlaçı” təqaüdünə layiq görülüb. Bu tələbələr imtahan sessiyasını 91-100 bal aralığında göstərici ilə bitiriblər.

135 tələbə növbəti semestrdə həvəsləndirici təqaüd almaq şansını qazanıb. Qaydalara görə, bu tələbələrin imtahan sessiyası üzrə ümumi orta balı 71-100 və ən azından bir akademik fənn üzrə göstəricisi 91-100 bal arasında olmalıdır.

“Gəmi sürücülüyü” fakültəsinin 29 tələbəsi isə adi təqaüd alacaqlar.

Fakültənin magistratura pilləsində təhsillərini davam etdirən 4 magistrant əlaçı, 5 magistrant həvəsləndirici və 1 magistrant adi təqaüdə layiq görülüb. Magistrantlar üçün də təqaüdün təyin edilməsi zamanı imtahan göstəriciləri bakalavrlarda olduğu kimi eyni qaydada nəzərə alınır.

Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və ”Elektrik mühəndisliyi” ixtisaslarının imtahan sessiyasını uğurla başa vuran tələbələri də gələn semestr təqaüd almaq hüququnu qazanıblar.

Belə ki, fakültənin 18 bakalavr tələbəsi əlaçı, 112 tələbəsi həvəsləndirici, 51 tələbəsi isə adi təqaüd alacaq.

Bu fakültədə əlaçı təqaüdünə layiq görülən 2 tələbə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təqaüd miqdarının 2 mislini alacaq.

“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin magistratura pilləsinin 1 magistrantı həvəsləndirici, 3-ü isə adi təqaüd almaq hüququnu qazanıb.

Qeyd edək ki, bu il COVİD-19 pandemiyasının ölkədə təhsil prosesinə vura biləcəyi zərər nəzərə alınmaqla Nazirlər Kabinetinin yaz imtahan sessiyasının keçirilməsi və təqaüdlərin təyin edilməsi ilə bağlı qaydalarına müvəqqəti dəyişiklilər olub. Belə ki, hər hansısa bir səbəbə görə onlayn imtahanlara qoşula bilmədiyi səbəbindən akademik borcu yaranan tələbələr üçün yeni  2020/2021-ci tədris ili başlayana qədər bu borcları ləğv edərək təqaüd siyahısına düşmək imkanı yaradılıb.

Qeyd  edək ki, Akademiyanın 4 tələbəsi bu imkandan yararlana bilib.

Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təhsildə fərqlənən tələbələri həvəsləndirmək məqsədi ilə daim onları əlavə təqaüdlə təmin edir. Bu il də yaz semestrində fəqrlənən 71 əlaçı  bakalavr və 4 əlaçı magistrant  ASCO sədri Rauf Vəliyevin əmri ilə xüsusi təqaüdə layiq görülüb.