Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasını Ermənistanın son təcavüzü barədə məlumatlandırıb

236

Ermənistanın Azərbaycana və onun mülki vətəndaşlarına qarşı davamlı silahlı təcavüzü fonunda Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santyaqo Qarsia Milaya müraciət edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, müraciətdə bu il sentyabrın 27-də saat 06:00-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini açıq şəkildə pozaraq iriçaplı silahlardan, minaatanlardan və toplardan istifadə edərək işğal altındakı Dağlıq Qarabağdan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etdiyi qeyd olunur. Cavab olaraq, Azərbaycan Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri əks-hücum tədbirləri görür.

Assosiasiyanın prezidentinin diqqətinə çatdırılıb ki, ümumilikdə, erməni işğalı təxminən 30 min mülki şəxsin ölümünə, bir milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkün kimi çətin həyat şəraitində yaşamasına səbəb olub. Otuz ilə yaxındır Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməkdə davam edir. BMT Təhlükəsizlik Şurası ilə bərabər, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, onun sərhədlərinin dəyişdirilməsinin mümkün olmadığını və torpaqlarının işğal olunmasını pisləyib.

BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan işğal altındakı torpaqlarda qanunsuz fəaliyyətini davam etdirir. Ermənistan beynəlxalq ictimaiyyətin işğalı dayandırmaq və Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilmə çağırışlarını davamlı olaraq məhəl qoymadan 700 min azərbaycanlı məcburi köçkünün evlərinə qayıtmasına maneə olur. Azərbaycan hakimiyyəti dəfələrlə Ermənistan hakimiyyətini beynəlxalq humanitar hüquq pozuntularından çəkinməyə və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmağa dəvət etsə də, bu müraciətlər nəzərə alınmayıb.

Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti məlumatlandırılıb ki, cari ilin iyul ayında Ermənistan artıq iki ölkənin dövlət sərhədini, Dağlıq Qarabağdan uzaq ərazidə olan Tovuz rayonunu hədəf seçib. Azərbaycan bu hücumları dəf etsə də, atəşkəs cəmi 2 aydan bir az çox davam edib və Ermənistan sentyabr ayının 27-də Azərbaycana qarşı böyük bir hərbi əməliyyata başlayıb. Bu dəfə onların hədəfi işğal altında olan ərazilərə yaxın bölgələrin mülki şəxsləri olub.

Bu gün biz Ermənistanın torpaqlarımıza hücumlarının 3-cü həftəsindəyik. Oktyabr ayının 9-da Rusiya Federasiyasının vasitəçiliyi ilə aparılan hərbi əməliyyatların müvəqqəti dayandırılmasına dair tərəflər arasındakı razılaşma Ermənistanın öz öhdəliklərinə əməl etməməsi səbəbindən yerinə yetirilmir. Bu gün Ermənistan hərbi əməliyyatlarını döyüş meydanından çox mülki əraziləri hədəf almaqla davam etdirir. Son bir neçə gündə erməni qüvvələri Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər və digər şəhər və qəsəbələrinin böyük yaşayış massivlərini ölümcül effekti olan “Scud”, “Tochka U”, “Smerch” və digər ballistik raketləri ilə vurur. Demək olar ki, bütün hücumlar gecə saatlarında həyata keçirilir, bu da mülki şəxslərin xilas olmasına heç bir şans qoymur, yüzlərlə insanın yaralanması və çox sayda insanın ölməsi ilə nəticələnir. Bu günə qədər Ermənistan silahlı qüvvələrinin mülki ərazilərə hücumları nəticəsində 47 mülki şəxs həlak olub və 222 nəfər yaralanıb.

“Azərbaycan üçün bu çətin dövrlərdə biz Beynəlxalq Limanlar Assosiasiyasına müraciət edərək Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatları, günahsız mülki şəxslərin ölümünü və əzablarını liman cəmiyyətində şiddətlə qınamağa və dünya limanlar icmasında yaymağa çağırırıq.

Ən çox təəssüf doğuran odur ki, oktyabrın 11-də cəbhədən 80 kilometr məsafədə yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistanın siyasi-hərbi rəhbərliyinin əmri ilə atəşə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağıdılıb, 5-i qadın olmaqla 10 mülki şəxs həlak olub, 16-sı qadın və 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Ermənistanın bu cinayəti, 1992-ci il fevralın 26-da dinc və günahsız azərbaycanlılara qarşı törədilən Xocalı qətliamından sonrakı bir başqa soyqırımı aktıdır”, – deyə məktubda qeyd edilir.

Beynəlxalq Limanlar Assosiasiyasına ünvanlanmış məktubun sonunda bildirilir: “Ermənistanın Azərbaycandakı mülki şəxslərə və mülki infrastrukturlara qarşı hərbi zərbələrinin qəsdən edildiyi və yeganə məqsədinin mülki əhalinin məhv edilməsi olduğu şübhəsizdir. Bu hücumlar Ermənistan hakimiyyət orqanlarının cinayət niyyətini və mahiyyətini ortaya qoyur və ən ağır beynəlxalq cinayətləri təşkil edir. Beynəlxalq Limanlar Assosiasiyasına müraciət edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü kəskin şəkildə pisləməyi və günahsız mülki şəxslərin ölümləri və əzabları ilə əlaqədar dünya liman ictimaiyyətini xəbərdar etməyi xahiş edirik. Ümidvarıq ki, Ermənistanın insanlığa qarşı törətdiyi bu cinayəti qətiyyətlə pisləyəcəksiniz və dünya limanları birliyinin məlumatlandırılmasını artırmağa kömək edəcəksiniz”.

Qeyd edək ki, Beynəlxalq Limanlar Assosiasiyası 90 ölkənin 200 böyük limanını əhatə edir. Dünya ticarətinin 60 faizi, konteyner daşımalarının 80 faizi qeyd olunan assosiasiya üzvləri tərəfindən həyata keçirilir. Əlavə olaraq, dünyanın 150 gəmiçilik, stevidor və anbar xidmətləri göstərən, liman araşdırma və təlim şirkətləri, liman ləvazimatı istehsal edən qurumlar Beynəlxalq Limanlar Assosiasiyasının üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır