Dörd ən varlı şirkətin İnvestisiya Holdinqinə verilməsinin hansı nəticələri olacaq…

387

Natiq Cəfərli: “Burada əsas hədəflərdən biri büdcədən ayrılan dotasiyaların…”

İlkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən dövlət müəssisələri açıqlanıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” Sərəncam imzalayıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Bütün bunların fonunda, dörd ən varlı şirkətin İnvestisiya Holdinqinə verilməsinin hansı nəticələri olacaq? Ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?

  • “Uzun illərdir dotasiya almasına baxmayaraq, dövlət şirkətləri ziyanla çalışırdılar”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli belə bir qərarın verilməsinə müsbət prizmadan yanaşdı: “Bu holdinqin yaranması dövlət şirkətlərinin qeyri-effektiv idarə olunmasından və rentabelli çalışmamasından irəli gəldi. Yəni uzun illərdir dotasiya almasına baxmayaraq, dövlət şirkətləri ziyanla çalışırdılar. Özlərini doğrultmurdular, idarəetmədə şəffaflıq çatışmırdı. Bunların tənzimlənməsi üçün İnvestisiya Holdinqinin yaradılması qərarı verilib. Holdinqin yaranması gələcəkdə dövlət aktivlərinin bir qisminin özəlləşməsinə, yaxud xarici və yerli iş adamlarına icarəyə verilməsi yolu ilə idarəetmənin optimallaşdırılmasına hesablanıb. Burada əsas hədəflərdən biri büdcədən ayrılan dotasiyaların minimuma endirilməsi və bu şirkətlərin gəlirlə işləməsinə nail olmaqdır. Üç il müddətində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müəyyən addımların atılması İnvestisiya Holdinqinin idarə edilməsinə yönəlib. Holdinqin maliyyələşməsi də dövlət büdcəsi hesabına yox, həmin şirkətlərin mənfəətinin 20 faizi hesabına formalaşdırılacaq büdcə ilə reallaşacaq. Həmin dövlət şirkətləri mənfəətlə çalışmalıdırlar ki, onun 20 faizi İnvestisiya Holdinqinin daxili idarəetməsi üçün xərclənsin. Məntiq odur ki, dövlətin əlində olan aktivlər gəlir gətirməlidir. Dövlət əlavə yükdən qurtulmalıdır”.

Ekspert onu da qeyd etdi ki, bundan sonra əsas qərarı İnvestisiya Holdinqi verəcək.

Vidadi ORDAHALLI