Ekspert: “TAP regionda digər layihələrin də inkişafına şərait yaradıb”

251

“Trans-Adriatik Boru Kəməri (TAP) yerli kömür mənbələrindən asılı olan Qərbi Balkan regionunda qazlaşdırmanı təbliğ edir”

“Report” xəbər verir ki, bunu Enerji təhlükəsizliyi üzrə ekspert Mariana Liakopoulou qeyd edib.

Onun sözlərinə görə, TAP regionda digər layihələrin də inkişafına şərait yaradıb.

“Qərbi Balkan ölkələrində satış üçün nəzərdə tutulan qaz çatışmır və TAP buna kömək edəcək. Albaniya, Kosova və Monteneqro kimi ölkələrdə qaza illik tələbat çox az – təxminən 0,5 milyard kubmetrdir ki, bu da Bosniya və Hersoqovina kimi Rusiyanın təsirində qalmaq deməkdir.

TAP-ın inkişafına kömək etdiyi digər layihələrə Albaniyadan Xorvatiyaya qədər hələ tam uzanmamış İon Adriatik Boru Kəmərinin və 2021-ci ilin yanvar ayında əməliyyatlara başlayacaq Xorvatiyadakı Krk LNG terminalını göstərmək olar. Ümumilikdə Cənub Qaz Dəhlizi (SGC) Yunanıstandan Macarıstana qədər yeni qaz infrastrukturlarına investisiya yatırılmasını da təşviq etdi”.

Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu Boru Kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan və Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubuna qədər uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP-ın uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Kəmərin 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.