Azərbaycanda yeni qazma şirkəti yaradılıb

325

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Oil Rocks Drilling Company” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkət adından göründüyü kimi qazma fəaliyyəti ilə məşğul olacaq.

Kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 73-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçisi isə Əliş Ramiz oğlu Həsənovdur. O, həm də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiridir.

Dövlət Vergi Xidməti yeni şirkətin Müşahidə Şurasının tərkibini də açıqlayıb. Şuraya SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın Ələm oğlu İskəndərov, onun müavini Nüsrət Şıxəli oğlu Əliyev, onun (D.İskəndərovun) müşaviri Orxan Elbrus oğlu Səlimov, SOCAR-ın vergilər şöbəsinin rəisi İlqar Bayram oğlu Əzizov və şirkətin hüquq idarəsinin rəis müavini Tərlan Telman oğlu Tahirov daxildir.