“Xankəndi” gəmisi ilə bağlı CMS şirkətindən açıqlama

540

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındaki filialı (CMS) ötən gün “Yeni Sabah”da yayımlanan ““Xankəndi” gəmisi ilə bağlı prezidentə şikayət edildi” başlıqlı yazı haqda açıqlama yayıb.

Şirkət Həsənov Fariz Fikrət oğlunun yazıda səsləndirilən ittihamlarının yanlış və əsassız olduğunu bildirib.

Qeyd edilib ki, məqalədə adıçəkilən şəxs matros Fariz Həsənov CMS şirkətində 15 may 2017-ci ildən çalışır. 2020-ci ilin əvvəlindən onun çalışdığı “Xankəndi” gəmisindən vaxtaşırı olaraq Fariz Həsənov haqqında şifahi olaraq şirkətə şikayətlər daxil olub. Xüsusən, həmin əməkdaşın vəzifə öhdəliklərini yerinə yetirmədiyi, dəfələrlə növbə çəkmə zamanı iş yerini icazəsiz tərk etdiyi, tabeçiliyində olduğu heyət üzvləri ilə münasibət qura bilmədiyi qeyd olunub. 

“Sadalanan nöqsanlar barəsində adıçəkilən əməkdaşla dəfələrlə söhbətlər aparılmış, peşakarlıq səviyyəsinin lazımı səviyyəyə çatdırılmasının labüdlüyü diqqətinə çatdırılıb. Lakin, vaxt keçdikcə gəmidən şirkətin rəhbərliyinə bildirilib ki, Fariz Həsənovun iş fəaliyyətində dəyişiklik baş verməyib. Bunun nəticəsi olaraq, 2020-ci ilin iyun ayında “Xankəndi” gəmisinin kapitanı Sahil Həziyev tərəfindən CMS şirkətinin rəhbərliyinə yazılı şikayət ünvanlanıb. Həmin təqdimatın əsasında müvafiq araşdırmalara başlanıb və matros Fariz Həsənovla bir neçə görüş keçirilib, ona fəaliyyətindəki nöqsanlar haqqında məlumat verilib. Araşdırmanın nəticəsi olaraq, Fariz Həsənova töhmət verilib və öz razılığı ilə başqa gəmiyə keçirilib. Hazırda Fariz Həsənov əmək fəaliyyətini CMS şirkətində davam etdirir. 

İnternet KIV-lərdə dərc edilmiş məqalədə digər adıçəkilən şəxs “Xankəndi” gəmisində bosman vəzifəsində çalışan Cavid Məmmədovla bağlı bildirmək istərdik ki, həmin şəxs barəsində şirkətimizin əlaqəli bölmələri tərəfindən araşdırmalar aparılıb və onun peşəkar xüsusiyyətləri ilə bağlı müəyyən iradlar irəli sürülüb. Xüsusən də, həmin şəxsin vəzifə öhdəliklərinə bəzən məsuliyyətsiz yanaşdığı və digər işçilərlə ünsiyyət qurulmasında problemlərlə üzləşdiyi müəyyən olunub. 

Bu halları və gəmi heyəti üzvlərinin 2020-ci ilin sentyabr ayında etdikləri müraciəti nəzərə alaraq Cavid Məmmədovla müvafiq qaydada söhbət aparılıb və ona xəbərdarlıq elan edilib. Qeyd etmək istərdik ki, Cavid Məmmədovla bağlı araşdırmalar və tətbiq edilmiş intizam tədbirləri onun sırf peşakar xüsusiyyətləri ilə əlaqəli olmuş və hər hansı digər mümkün çatışmazlıqları ilə bağlı deyil.

“Xankəndi” gəmisinin kapitanı Sahil Həziyevə gəldikdə onun adının əsassız və uydurma məlumatlarda yer alması təəssüf hissi doğurur. Belə ki, adıçəkilən kapitanımız artıq uzun müddətdir ki, bizim şirkətdə çalışır. Sahil Həziyev işlədiyi bütün gəmilərdə heyət və rəhbərlik tərəfindən hörmət qazanıb və özünü yüksək peşəkarlığa malik dənizçi kimi göstərib. Onun hər hansı dövlət məmuru tərəfindən himayə edilməsi haqqında söylənilənlər tam olaraq əsassız və yalandır. Belə ki, “Xankəndi” gəmisi Azərbaycanda fəaliyyət göstərən ən nəhəng beynəlxalq neft şirkəti olan “BP” şirkətinə məxsusdur, gəminin əməliyyatlar üzrə operatoru isə İtaliyanın “Saipem” şirkətidir. Gəminin dənizçi heyəti ilə təmin edilməsi məsələləri yalnız adıçəkilən iki şirkət və CMS tərəfindən həll edilir və heç bir dövlət qurumu bu işlərə müdaxilə edə bilməz. 

Bununla belə, bildirmək istərdik ki, “Xankəndi” gəmisində hər hansı siyasi və ya vicdan azadlığı ilə əlaqəli nöqsanların olması haqqında məlumatlar da tam  əsassızdır. Hər zaman olduğu kimi, şirkətimiz idarə etdiyi gəmilərdə normal iş mühitini təmin etməklə bərabər, işçilərin azadlıqlarının təmin olunmasına riayət edir  və bu sahədə hər hansı pozuntulara yol verməməyi özünə məqsəd qoyur. Adları çəkilən şəxslər barəsində görülmüş tədbirlərə gəlmişkən, bir daha qeyd etmək istərdik ki, bütün bu hallar yalnız bu şəxslərin peşəkarlıq xüsusiyyətləri ilə bağlı olmuş və qeyri formal münasibətlərə əsaslanmır. 

Əlavə olaraq vurğulamaq istərdik ki, CMS şirkəti istər öz işçiləri arasında, istərsə də ümumilikdə işgüzar sahədə kifayət qədər yüksək və müsbət nüfuza malikdir. Bu səbəbdən yuxarıda istinad edilən əsassız və birtərəfli yanaşma əsasında hazırlanmış məlumat heç bir halda şirkətimizin adına xələl gətirə bilməz. Öz işində hər zaman peşəkar yanaşma ilə seçilən CMS şirkəti iş əsnasında rast gəlinən bütün neqativ halları lazımi qaydada və öz şirkətdaxili prosedurlarına uyğun olaraq araşdırır, ehtiyac olduqda onlara hüquqi qiymətin verilməsini və müvafiq inzibati tədbirlərin görülməsini təmin edir. 

Şirkətimiz adından bildirmək istərdik ki, hazırda müzakirə olunan hallarla bağlı müvafiq araşdırma və təhlil işləri şirkəmizin Daxili Audit, Qanunvericiliyə Riayət və digər şöbələrinin iştirakı ilə aparılıb və aidiyyatı sənədlər şirkətimizdə qanunla nəzərdə tutulan qaydada saxlanılmaqdadır. İstənilən dövlət və ya qeyri-dövlət qurumu zərurət yarandığı halda CMS şirkətinə rəsmi müraciət etməklə həmin materiallarla tanış ola bilər”.