“Petkim” kimya sektorunun lideri seçilib

284

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivlərindən olan “Petkim” neft-kimya kompleksi “Turkishtime” jurnalının “AR-GE 250” araşdırmasında kimya sektorunun lideri seçilib.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, “Petkim” istehsalatda yeni texnologiyaların tətbiqinə ayırdığı sərmayə yatırımına görə lider şirkətdir.

Məlumata görə, “AR-GE 250” şirkətlərin tədqiqat və inkişaf sahəsinə investiya qoyuluşu əsasında hazırlanır: “Petkim gələcək inkişafda da keyfiyyətli istehsal prosesinə üstünlük verməkdə davam edəcək”.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51 % paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Əliağa yarımadasında yerləşən “Petkim” neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

SOCAR-ın Türkiyədəki ən iri yatırımlarından biri olan “Petkim” neft-kimya kompleksi bu ilin üçüncü rübünü uğurla başa vurub.

Koronavirus (COVID-2019) pandemiyasının bütün dünyada davam etməsinə baxmayaraq, hesabat dövründə “Petkim”in əldə etdiyi mənfəət 311 milyon türk lirəsi (36,7 mln ABŞ dolları) təşkil edib.