Alternativ energetikanın Azərbaycanda xüsusi çəkisi 0,6%-dən azdır

249

Külək stansiyalarında hasil edilən elektrik enerjisi bu il azalır, günəş panellərindən alınan enerji isə artır

2020-ci ilin 11 ayı ərzində Azərbaycanda 22 235,6 mln kVt/saat əmtəəlik elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 5,1 % çoxdur.

Dövlət Statistika Komitəsin aylıq hesabatında bildirilir ki, istehsal edilən əmtəəlik elektrik enerjisinin 985,8 mln kVt/saatı su elektrik stansiyalarının payına düşür ki, bu da 2019-cu ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 32,3 % azdır.

Azərbaycanda elektrik enerjisi istehsalının strukturu

Azərbaycanın istilik elektrik stansiyalarında isə hesabat dövründə 21 119 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin on bir ayının göstəriciləri ilə müqayisədə % çoxdur.

Yanvar-noyabr aylarında Azərbaycanda 86,8 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 11 ayının göstəriciləri ilə müqayisədə 13,2 % aşağı nəticədir.

11 ay ərzində ölkədə həmçinin 44 mln kVt/saat elektrik enerjisi günəş stansiyalarında istehsal olunub ki, bu da ötən ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 8,1 % çoxdur.

Caspian Barrel rəsmi statistik göstəricilər əsasında hesablayıb ki, Azərbaycanda 2020-ci ilin yanvar-noyabr aylarında istehsal edilmiş əmtəəlik elektrik enerjisinin istehsalında bərpa olunan (su elektrik stansiyaları) və alternativ enerji mənbələrindən (külək və günəş stansiyaları) hasil edilmiş enerjinin payı 5,02% təşkil edib.

Bu müddətdə hasil edilmiş enerjinin xüsusi çəkisində külək və günəş elektrik stansiyalarından alınan məhsulun xüsusi çəkisi isə cəmi 0,59% olub.

Gələcək illərdə Azərbaycan Qarabağın azad edilmiş ərazilərindəki çaylarda elektrik və mini-elektrik stansiyaları istismara verməklə bərpa olunan enerjinin xüsusi çəkisini kifayət qədər artırmaq imkanı əldə edə bilər.