Pandemiya dövründə Bakı Limanının ticarət dövriyyəsi 20 faiz artdı…

244

Kamran Məmmədli: “Yaxın ölkələrlə müqayisədə Azərbaycanın dəniz nəqliyyatına əsaslı kapital qoyuluşları artıb”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının (“AmCham”) üzvləri ilə onlayn görüş keçirib. Görüşdə bir sıra məsələlər, o cümlədən, limanın dövriyyəsinin artması müzakirə edilib.

Baş direktor qeyd edib ki, COVID-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 faiz artıb. İl ərzində aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin sayı əvvəlki ilə nisbətən 28 faiz artaraq 43 min 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15 faiz artım qeydə alınıb və TEU ekvivalentində 40 min 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə irihəcmli nəqliyyat vasitələrinin aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.

  • yüklərin daşınması ilə bağlı ölkəmiz tranzit rolunu oynayır”

Pandemiya dövrü olmasına baxmayaraq, dövriyyənin artması barədə fikir bildirən iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, koronavirus infeksiyası dünyanı cənginə alıb. Bu virusa görə dünya ölkələrinin iqtisadiyyatı geriləyib: “Ancaq sevindirici haldır ki, ölkəmizdə görülən qabaqlayıcı addımlar sayəsində çətinlik yaşanmadı. Əksinə, bir çox sahədə inkişaf qeydə alındı. O sahələrdən biri də dəniz limanı dövriyyəsinin artmasıdır. Dəniz limanı dövriyyəsinin artması gözlənilən idi. Məlumdur ki, yüklərin daşınması ilə bağlı ölkəmiz tranzit rolunu oynayır. Azərbaycanın Çinlə əməkdaşlığı dövriyyənin artmasına səbəb olan vasitələrdən biridir. Bəllidir ki, iki ölkə arasında ticarət dövriyyəsi  sürətlə artır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, son illər Azərbaycanın liman infrastrukturu müəyyən irəliləyişlərə nail olub: “Həmin irəliləyişlər əsasən dövlət investisiyaları ilə bağlıdır. Dəniz limanında qeydə alınan inkişaf beynəlxalq hesabatlarda da öz əksini tapır”.

İqtisadçının sözlərinə görə, yaxın ölkələrlə müqayisədə Azərbaycanın dəniz nəqliyyatına əsaslı kapital qoyuluşları artıb. Eyni zamanda, bazar iqtisadiyyatı sistemindən söhbət gedirsə, nəqliyyat sektoruna özəl   investisiyaların ön plana çıxmasına da tələbat var.

Günel CƏLİLOVA