“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib

215

Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursunun açılış mərasimi keçirilib.

Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan-Fransız Universitetinin (UFAZ), Bakı Mühəndislik Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Xəzər Universitetinin dekan və bölmə rəhbərləri iştirak edib.

Əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsi olan layihədə iştirak etmək üçün ümumilikdə 300 nəfər müraciət edib.

Onlardan yalnız mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü və 5-ci kurslarda təhsil alan və ingilis dili bacarıqları yüksək olan tələbələr seçilib.

Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin isə 3-cü və 4-cü kurs tələbələrindən ibarət 80 nəfərlik iştirakçı kursa qəbul edilib.

İştirakçılar Bakı Ali Neft Məktəbini, Azərbaycan-Fransız Universitetini (UFAZ), Bakı Mühəndislik Universitetini, Memarlıq və İnşaat Universitetini, Xəzər Universitetini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edir.

6 modulu (“Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik”) əhatə edəcək kurs üzrə martın 1-dən etibarən onlayn tədrisə başlanılıb. Kurs 2 həftəlik müddəti əhatə edəcək və tam olaraq ingilis dilində aparılacaqdır. Proqramın sonunda kursu uğurla bitirənlər sertifikatlarla təmin ediləcək.

Proqram Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək.