Ölkəmiz “Hindistan Dənizçilik Sammiti 2021”-də iştirak edib

299

Ölkəmiz 2021-ci ilin martın 2-dən 4-nə kimi Hindistanda onlayn formatda təşkil edilən “Hindistan Dənizçilik Sammiti 2021”-də iştirak edib. Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları nazirliyinin təşkil etdiyi sammitdə dünyanın 42 ölkəsindən 5000-dən çox nümayəndə iştirak edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Hindistan arasında yüksələn xətlə inkişaf edən iqtisadi və mədəni əlaqələr mövcuddur. Bununla yanaşı, ikitərəfli ticarət əlaqələrini və investisiyanı dənizçilik sektorunda da artırmaq üçün mühüm potensial var.

Üç gün davam edən sammit çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini Fərhad Məmmədov “Ticarət əlaqələrinin təbliği və regional bağlantı vasitəsilə biznesin inkişafı” mövzusunda çıxış edib. O, bildirilib ki, dünyanın iki böyük qitəsini birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan, Hindistan, Pakistan, İran, Rusiya və Şimali Avropa ölkələri arasında sıx əməkdaşlıq yaradaraq, ticarət əlaqələrinin daha da yüksələn xətlə inkişafına müsbət təsir göstərir. Çünki Azərbaycan üzərindən daşınan yüklərin çatdırılma müddəti alternativ marşurutlardan fərqli olaraq iki dəfə azdır. Bu hal nəticə etibarilə adı çəkilən dəhlizdə Azərbaycanın əhəmiyyətini daha da artırır.

Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki böyük Qələbəsinə toxunan Fərhad Məmmədov ölkəmizin sülhü təmin etdiyini və artıq beynəlxalq layihələrin icrası ilə bağlı heç bir maneənin olmadığını bildirib. Direktor müavini onu da vurğulayıb ki, münaqişənin başa çatması nəticəsində Azərbaycanın öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə Cümhuriyyəti ilə quru yolla birbaşa nəqliyyat əlaqəsinin qurulması –“Naxçıvan dəhlizi”-nin açılması – bölgədə yeni əməkdaşlıq platformasının yaranmasına böyük töhfə olacaq. Bu, həm də Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynamaqla, tarixi İpək Yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanın təmin edilməsinə geniş imkan yaradacaq.

Direktor müavini dəniz üzgüçülüyünün təhlükəsizliyinin və ümumilikdə dəniz təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasından keçən nəqliyyat dəhlizləri ilə yükdaşımaların məhsuldarlığı, səmərəliliyi və keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətindən də danışıb. O, ölkəmizin dəniz nəqliyyatı sahəsində qəbul etdiyi normativ hüquqi aktların, gəmi standartlarına nəzarətin, liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycan Respublikasının bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin  Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunduğunu sammit iştirakçılarının diqqətinə çatdırıb.