BTQ ilə Rusiyadan Türkiyəyə taxıl və buğda kəpəyi nəql edilib

196

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Rusiyadan Türkiyəyə taxıl və buğda kəpəyi nəql edib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, 13 örtülü vaqonda 780 ton taxıl Rusiyanın Tatarskaya stansiyasından (Qərbi-Sibir dəmir yolu), 8 taxıldaşıyan vaqonda 480 ton buğda kəpəyi isə Şadrinsk stansiyasından (Cənub-Ural dəmir yolu) göndərilib. Rusiya-Azərbaycan sərhəddində yerləşən Yalama stansiyasından keçən yüklər daha sonra Böyük-Kəsik və daha sonra Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Burada vaqonlarda təkər cütləri dəyişdirildikdən sonra taxıl və kəpək Türkiyənin Qars şəhərinə yola salınıb.

Taxıl yükü ümumilikdə 4745 km, buğda kəpəyi isə ümumilikdə 4054 km məsafəni qət erdikdən sonra təyinat nöqtəsinə çatdırılıb. Yüklərin nəqlini “ADY Express” MMC tərəfdaşları ilə – “RJD Logistika” (Rusiya), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləri ilə həyata keçirib.

BTQ bu cür yüklərin nəqli yük sahiblərinə ənənəvi dəniz yolu ilə nəqlindən daha sərfəlidir. Onunla fasiləsiz kiçik həcmli yükləri daşımaq mümkündür ki, əvvəllər yük sahibləri bu yükləri Türkiyəyə göndərmək üçün Novorosiysk limanında gəminin doldurulmasını gözləməli olurdu və limanda yüklərin aşırılması əməliyyatlar aparılırdı. Bu da əlavə xərclər deməkdir. Bundan başqa BTQ vasitəsi ilə yüklərin nəqli tranzit vaxtını 2 dəfə azaldır. Yük sahibləri BTQ ilə mütəmadi olaraq bu cür yüklərin Türkiyəyə göndərilməsini planlaşdırır.