Azərbaycan Hind okeanına əlverişli çıxış imkanı qazanır…

310

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tam istifadəyə verilməsindən sonra Azərbaycanın Hind okeanına rahat çıxışının təmin edilməsi gözlənilir. Bu da ölkənin ixrac qabiliyyətinin yüksəlməsi baxımından mühüm addımlardan biri hesab edilir. Ölkəmizin Hind okeanına çıxışı isə qonşu İran üzərindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, İran Hind okeanına çıxışı olan ikinci böyük limanını tikmək üçün müvafiq işlər görür. İranın Dəniz və Limanlar İdarəsinin rəisi Məhəmməd Rastad yeni limanın ildə 200 milyon ton yükaşırma qabiliyyətinə malik olacağını bildirib. Hörmüzgan vilayətində inşa ediləcək liman İran iqtisadiyyatını şaxələndirməklə yanaşı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də əhəmiyyətini artıracaq. Qeyd edək ki, Hörmüzgan vilayətində artıq Çabahar kimi 100 milyon ton yük aşırmaq imkanı olan böyük liman var. Amma İran daha böyük limanın tikintisinə hazırlaşır. Səbəb ondan ibarətdir ki, dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi İran iqtisadiyyatına mənfi təsir göstərir. Yeni liman bu təsiri azaltmaqla beynəlxalq yükdaşımaların artırılmasına gətirib çıxaracaq ki, bu da iqtisadi inkişafı təmin edəcək. Bütün bunlar, əlbəttə ki, Azərbaycan üçün maraq doğurmaya bilməz. Çünki Cənub-Şərqi Asiya ölkələrindən başlayan “Şimal-Cənub” dəhlizi Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya uzanır. Onu da xatırladaq ki, “Şimal-Cənub” dəhlizi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi baxımından əlverişli hesab edir. Ekspertlər qeyd edir ki, müasir dünyada ticarət əlaqələrinin genişlənməsi uzaq məsafələrin yaxınlaşmasından daha çox asılıdır. Bugünə kimi Asiya ilə Avropanın arasında aparılan ticarət Süveyş kanalı vasitəsilə həyata keçirilirdi. Lakin Asiyadan çıxan yük gəmiləri 1 ay müddətində Avropaya çatır və bir neçə dövlətin ərazisindən keçməklə dəfələrlə gömrük rüsumu ödəmək məcburiyyətində qalırdı. Bununla yanaşı, gəmilərin bəzi yerlərdə dəniz quldurlarına rast gəlməsi halları barədə də çoxsaylı faktlar var. Belə bir vəziyyətdə, nəqliyyat xərcləri ilə yanaşı, yüklərin təhlükəsiz çatdırılması da sual altına düşür. Lakin Asiyadan çıxan yüklərin Bəndər-Abbas və Hind okeanına çıxışı olan Oman dənizindəki Çabahar limanından Avropaya daşınması vaxta və nəqliyyat xərcinə qənaət etmiş olur. Daha dəqiq desək, Körfəz ölkələri Bəndər-Abbas, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar və gələcəkdə İranın yeni inşa edəcəyi liman vasitəsilə yüklərini Avropaya daşıya biləcək. Bütün bu yüklər isə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə daşınacaq. Azərbaycan artıq böyük həcmdə yüklərin qəbul edilib yola salınması üçün lazımı infrastruktur layihələri həyata keçirib. Bakı Limanının yenidən qurulmasından başlayaraq, Bakı-Astara-İran magistral yolu, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttini buna misal göstərmək olar.

Körfəzdən və Çabahardan İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə daşınacaq ki, bu da Bakını beynəlxalq logistika mərkəzinə çevirəcək. Üstəlik Azərbaycan, tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividendlər qazanacaq. Vaşinqton İqtisadi Araşdırmalar İnstitutunun iqtisadçısı Patrik Klausonun fikrincə, yaxın gələcəkdə Çabahar limanı tam gücü ilə çalışmağa başlayacaq ki, bu da yalnız Asiya ilə Avropanın deyil, eləcə də Orta Asiya və Qafqaz respublikalarının ticarət əlaqələrinin artmasına imkan yaradacaq. İqtisadçının araşdırmasına əsasən, yaxın gələcəkdə Asiya ilə Avropa arasındakı ticarət əlaqələri daha geniş şəkildə artacaq və bu artımı reallaşdırmaq üçün Çabahar limanının 8,5 milyon ton yük aşırmaq qabiliyyəti də yetərli olmayacaq. Məhz bu səbəbdən də İran həmin bölgədə yeni və böyük limanın inşasına qərar verib. Əlbəttə, qeyd olunan yükdaşımalarının artması Azərbaycan üçün əlverişli şərait yaradır. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Hind okeanına çıxış əldə etməklə də ixracını şaxələndirmək imkanı qazanır. Bunlar fonunda təsadüfi deyil ki, Azərbaycan “Şimal-Cənub” dəhlizi infrastrukturunu davamlı surətdə təkmilləşdirir. Bunu son bir neçə il ərzində dəhlizin reallaşması istiqamətində görülən mühüm işlər təsdiqləyir. Bu nəqliyyat dəhlizi bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq. Bu nəqliyyat dəhlizinin tam fəliyyəti nəticəsində Avrasiya məkanında ölkələrin bir-biri ilə qarşılıqlı əlaqələri genişlənəcək. Bunun nəticəsində Azərbaycanın Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ilə əməkdaşlıq imkanları xeyli artacaq. Azərbaycan tranzit ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edəcək. Ölkəmiz regionda aparıcı mövqeyini daha da möhkəmləndirəcək, onu dəstəkləynlərin sayı artacaq. Digər tərəfdən, faktiki olaraq Azərbaycan Aralıq dənizi hövzəsi ilə Xəzər hövzəsinin Böyük İpək yolu və “Şimal-Cənub” dəhlizi üzrə daha bir inteqrasiyasına rəvac verir. Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni nəqliyyat imkanları yaranır. Bu da ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir.

Ramil QULİYEV