Dəniz qulduru hücumlarına daha çox Qvineya körfəzində rast gəlinir

236

2021-ci ilin birinci rübündə piratlarla əlaqəli əksər insidentlər Qvineya körfəzində baş verib. Bu, Beynəlxalq Dəniz Bürosunun (International Maritime Bureau – İMB) hesabatında əksini tapıb. 

“Seanews.az” xəbər verir ki, cari ilin üç ayında 38 pirat hücumu qeydə alınıb. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 9 dəfə azdır. Piratlar 33 gəminin göyərtəsinə daxil ola biliblər. İki gəmi atəşə məruz qalıb. Bir gəmini isə dəniz quldurları ələ keçiriblər. 

İlin əvvəlindən 40 dənizçi oğurlanıb. Bu, 2020-ci ilə nisbətən 18 nəfər çoxdur. Sözügedən dövrdə bir dənizçi isə qətlə yetirilib.

Oğurlanan 40 dənizçinin hamısı Qvineya körfəzində üzən gəmilərin heyət üzvlərindəndir. Ümumiyyətlə, bu il baş verən hücumların 43 faizi bu regionda baş verib.

Ərəbistan dənizinin Ədən körfəzində piratların iştirakı ilə bir, Sinqapur yaxınlığındakı boğazlarda isə beş hadisə qeydə alınıb. 

Gəmilərə lövbər dayanacaqlarında da hücumlar olub. Perunun Kalyao dayanacağında 2021-ci ilin üç ayında beş belə hadisə baş verib. 2020-ci ildə onların sayı 3 olub.