Azərbaycan Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevrilir…

247

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlızı ilə bağlı son vəziyyətin təhlili bu marşrutun dünya üçün getdikcə daha böyük əhəmiyyət kəsb edəcəyini üzə çıxarır. Belə görünür ki, elə dünya miqyasında da bu marşruta xüsusi diqqət ayrılmaqdadır. Hər halda, “Çabahar günü” sammiti və burada səsləndirilən fikirlər də qeyd olunanların real təsdiqi qismində çıxış edir.  

Məlumata görə, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankir “Çabahar günü” sammitində çıxışında təklif edib ki, İranın Çabahar limanı rəsmən “Şimal-Cənub” dəhlizinə daxil edilməlidir. Elə bu da dəhlizin əhəmiyyətinin daha da artması deməkdir. Subramanyam Cayşankir sözügedən limanın əhəmiyyəti haqqında danışaraq bildirib ki, Cənub-Şərqi Asiya ölkələri ilə Avropa dövlətləri arasında nəqliyyat əlaqəsinin səmərəsini artırmaq üçün Çabahar beynəlxalq dəhlizə daxil edilməlidir. Onun sözlərinə görə, Avropa ölkələri Asiya, Asiya ölkələri isə Avropa bazarlarına yaxın və təhlükəsiz yolla çıxış əldə edə biləcək. Burada qeyd edək ki, Süveyş kanalında tıxacın yaranması və neqativ nəticələri Asiya dövlətlərini düşünməyə vadar edib. Xatırladaq  ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, “Şimal-Cənub” dəhlizi ilə cəmi 7 min 200 kilometr yol qət edəcəklər. Yüklər isə 60 gün ərzində deyil, 30 günə mənzil başına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz düşəcək. Hindistan özü bu fonda 20 faiz nəqliyyat xərclərinə qənaət etmiş olacaq. İqtisadçı analitik Şöhrə Pulab “Chabahar news” saytındakı məqaləsində yazır ki, Çabaharla yanaşı, Oman dənizindəki Şəhid Behişti və Şəhid Kələntəri limanları da dəhlizə qoşula bilər. Bu limanlar da yükləri boşaldıb qatarlara yükləmək imkanına malikdir. Onun fikrincə, İranla yanaşı idxal-ixrac əməliyyatlarını həyata keçirən Cənub-Şərqi Asiya ölkələri yalnız Avropa ilə deyil, eyni zamanda, Qafqaz, Orta Asiya, Ukrayna, Belarus və Pribaltika respublikaları ilə də nəqliyyat əlaqəsi yaradacaqlar. Analitik hesab edir ki, İran tez bir zamanda Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarını inşa edib istismara buraxmalıdır. Çabahar-Zahidan yolu limanla İranın mərkəzini, Rəşt-Astara yolu isə Azərbaycana çıxışı təmin edəcək. Beləliklə, Hindistanın Mumbai limanında Çabahar limanına daxil olan yüklər Çabahar-Zahidan xətti ilə Rəşt-Astara dəmir yolu vasitəsilə daşınaraq Azərbaycan və Rusiya ərazisindən tranzit keçməklə Qərbi Avropaya çatdırılacaq. Xüsusi bir məqami qeyd edən analitik nəzərə çatdırıb ki, ABŞ Çabahar limanını sanksiyalardan kənarda saxlayıb. Sanksiyalar Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarının çəkilişinə maneə olsa da. Vyanada aparılan danışıqlar müsbət nəticə verəcək. Rəsmi Vaşinqton İranın nüvə proqramı məsələsini həll etməkdə qərarlıdır və yeni prezident Co Baydenin seçilən kimi bu problemlə məşğul olmağa başlaması təsadüfi deyil.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. İran, çətinliklərə baxmayaraq, bu yolu inşa edə bildi. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan bu layihədə mühüm rola malik olar dövlətlərdən biridir. Tranzit ölkə olaraq Azərbaycan hökuməti ilk növbədə Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini inşa edərək İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. Bundan başqa, Bakı Limanında yenidənqurma işləri həyata keçirilib və yükaşırma imkanları dəfələrlə artırılıb. Onu da qeyd edək ki, yeni Bakı-Astara avtomobil yolu da çəkilib ki, bu da dəhlizə daxil olan seqmentlərdən biridir. “Şimal-Cənub” dəhlizinin fəaliyyətə başlaması üçün yalnız İran ərazisində Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarının tamamlanması işləri qalır. İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami bir müddət əvvəl  Çabahar-Zahidan dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edərək bildirib ki, yol 2023-cü ilə kimi istifadəyə veriləcək. Nazir Rəşt-Astara xəttinin də həmin ildə istismara buraxılacağını deyib. Proqnozlar özünü doğrultsa, 2 ildən sonra “Şimal-Cənub” dəhlizi fəaliyyətə başlayacaq və Azərbaycan tranzit ölkə olaraq dəhlizdə mühüm əhəmiyyət kəsb edəcək. Burada söhbət yalnız tranzit gəlirlər əldə etməkdən getmir. Dünyanın Çin, Hindistan, Rusiya kimi iri iqtisadi dövriyyəyə malik olan dövlətləri ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri yaranacaq.

Digər tərəfdən məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın işğalında qalan ərazilərini azad edib ki, bu da qlobal iqtisadi proseslərdə yeni vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyət ondan ibarətdir ki, Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yolları tezliklə bərpa edilərək istifadəyə veriləcək. Bu yollar Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Deməli, Azərbaycana beynəlxalq maraq daha da artacaq. Ümumiyyətlə, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi Azərbaycana yeni mühüm imkanlar qazandıracaq.

Nahid SALAYEV