SOCAR-dan dənizdəki çirklənmə görüntülərinə reaksiya: “Şirkətimiz lay sularını tam təmizləyir” – VİDEO

326

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Bibiheybət”dəki boru kəmərindən çirkab sularının dənizə töküldüyü görünür. Videoda guya Dövlət Neft Şirkətinə (SOCAR) aid olduğu iddia edilən boru kəməri vasitəsi ilə neftlə çirklənmiş suyun dənizə axıdıldığı iddia edilir.

SOCAR bu boru kəmərinin onlara aidiyyətini qəti şəkildə rədd edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında bildirib ki, videoda göstərilən boru kəmərinin SOCAR ilə heç bir əlaqəsi yoxdur.

“Şirkətimiz tullantıların tamamilə utilizasiyası prinsipinə uyğun olaraq fəaliyyət göstərir. “SOCAR Azneft”in operator olduğu bütün yataqlarda neft hasilatı zamanı lay suları xüsusi qurğularla təmizlənir və daha sonra hasilat quyularında təzyiqin saxlanması üçün yenidən yatağa vurulur. Beləliklə, lay sular dənizə getmir”, deyə İ.Əhmədov bildirib.

Oxu.Az məsələyə aydınlıq gətirmək üçün “Azərsu” ASC-yə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib, şərhlərini gözləyir.