“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

300

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, ASCO-nun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə edilərək təsdiq olunub.

İclasda Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvləri ASCO-nun 2020-ci ildəki fəaliyyətini əks etdirən maliyyə hesabatlarını müvafiq olaraq auditi həyata keçirmiş beynəlxalq audit şirkətinin nümayəndələri ilə birgə müzakirə ediblər.

Bununla yanaşı, iclas zamanı ASCO-nun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası ilə bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib.

İclasda fəaliyyət diaqnostikasının nəticələri nəzərə alınmaqla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni çağırışlara cavab verən fəaliyyət strategiyasının hazırlanması istiqamətində də müvafiq tapşırıqlar verilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır