ADDA-nın Elmi Şurasının Yekun Dövlət Attestasiyası ilə bağlı qərarı açıqlanıb

337

Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası kecrilib. Şuranın müzakirə etdiyi əsas məsələlərdən biri 2020/2021-ci tədris ilinin Yekun Dövlət Attestasiyasına hazırlıq prosesi olub. Şura üzvləri Dövlət imtahanlarına hazırlıq və imtahanların keçirilməsi ilə baglı müzakirələr aparıblar. Çıxışlar və təkliflər dinlənildikdən sonra ADDA-nın Elmi Şurası qərara alıb:

Ölkədə koronavirus pandemiyasının (COVID-19) yayılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarına müvafiq olaraq akademiyada bakalavr səviyyəsində tədris prosesinin “Microsoft Teams” platforması üzərindən onlayn formatda aparılmasını nəzərə alaraq, Akademiya Elmi Şurasının 01 aprel 2019-cu il tarixli (6 nömrəli protokol) iclasında təsdiq edilmiş “Azərbaycan Dövlət Dəniz Akademiyasında dövlət imtahanının keçirilməsi” Qaydalarında 2021-ci təqvim ilinin buraxılış qruplarında Yekun Dövlət Attestasiyasının keçirilməsi üçün aşağıdakı dəyişikliklər nəzərə alınsın:

– Dövlət imtahanı koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar “Microsoft Teams” platforması üzərindən onlayn-interaktiv (tələbələrlə görüntülü sual-cavab şəklində), epidemioloji şərait imkan verdiyi təqdirdə isə ənənəvi qaydada keçirilsin.

– Dövlət imtahanı bir mərhələdə keçirilsin (müvafiq qaydanın 1.10 bəndində dəyişiklik). İmtahan sualları  istismar və idarəetmə səviyyələrini əhatə etməklə tərtib edilsin.

– Hər bir imtahan bileti 3 sual istismar və 2 sual idarəetmə səviyyəsindən olmaq şərti ilə  tərtib edilsin.

– İmtahan biletinə daxil edilən hər bir sual aşağıdakı meyarlar əsasında 20 baladək qiymətləndirilsin:

19-20 bal – tələbə suallara tam cavab verir (90-100%);

14-18 bal – tələbə suallara 70-90%  həcmində cavab verir;

10-13 bal – tələbə suallara 50-70%  həcmində cavab verir;

6-9 bal – tələbə suallara 30-50%  həcmində cavab verir;

1-5 bal – tələbə suallara 10-40%  həcmində cavab verir;

0 bal – tələbə nəzəri sualları cavablandıra bilmir.

– Dövlət imtahanı onlayn formatda keçirildiyi təqdirdə tələbə tərəfindən hər hansı imtahan bileti seçilir və həmin biletin elektron versiyası komissiya tərəfindən ona yönləndirilir.

– Tələbə 5 dəqiqə ərzində bilet ətrafında fikirlərini cəmlədikdən sonra sualları cavablandırmağa başlayır.