İtaliya Avropa və Liviya arasında miqrasiya paktının imzalanmasına çalışır

309

İtaliya hökuməti Aralıq dənizi vasitəsilə qaçqın axınının qarşısını ala bilmək üçün Avropa İttifaqının Liviya ilə miqrasiya paktı imzalaması üçün səylərini gücləndirib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Mario Draqi mayın 24-25-də keçiriləcək Aİ ölkələrinin dövlət və hökumət başçılarının zirvə toplantısında bu istiqamətdə təkliflə çıxış edəcəkdir. “La Republica“ qəzetinin yazdığına görə, bu addımın atılmasına səbəb son dövrlərdə Şimali Afrikadan İtaliyanın Lampeduza adasına qaçqın axınının artması və oradakı qaçqın düşərgəsinin həddən artıq yüklənməsidir. Qəzet 2016-cı ildə Türkiyə və Aİ arasında bağlanmış miqrasiya sazişinin nümunəsi əsasında Aİ və Liviya arasında pakt bağlanmasını və müvafiq maliyyə yardımları müqabilində afrikalı qaçqınların Liviyada saxlanmasını mümkün hesab edib.

Avropa Komissiyasından isə bildirilib ki, komissiya İtaliya sahillərinə çıxan qaçqınların bir qismini qəbul etmələri üçün bir neçə Avropa ölkəsinə müraciət edib, lakin indiyədək heç bir cavab verilməyib.

İtaliya hökuməti ölkənin nüfuzlu qəzetində yayılmış xəbərlə bağlı heç bir açıqlama verməyib. Bununla belə hökumətdə təmsil olunan sağçı qüvvələr, xüsusilə də “Leqa“ partiyası Şimali Afrikadan gələn qaçqın axınının qarşısını almaq üçün ciddi tədbirlərin görülməsini tələb edir.

Qeyd edilməlidir ki, ötən həftəsonu Liviya sahillərindən dənizə çıxan 20-dək kiçik gəmi və qayıqlarla ümumilikdə iki mindən artıq qaçqın Lampeduza adasında sahilə çıxıb. Əlverişli keçən hava şəraiti və qarşıdan yay mövsümünün gəlməsi bu axının güclənəcəyini ehtimal etməyə əsas verir.