Azərbaycan Ukraynaya neft ixrac edən yeganə ölkədir

400

Bu ilin yanvar – aprel ayları ərzində Ukrayna 142,6 milyon ABŞ dolları məbləğində 377,38 min ton neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,2 % azdır. Dəyər baxımından isə il ərzində 18,4 % azalma qeydə alınıb.

“Report” xəbər verir ki, Ukrayna Dövlət Gömrük Xidmətinin bu barədəki açıqlamasına görə hesabat dövründə idxal edilən neftin hamısı Azərbaycandan tədarük olunub.

Yanvar – aprel aylarında Ukrayna 27,13 milyon ABŞ dolları dəyərində 89,96 min ton nefti Rumıniyaya ixrac edib ki, bu da “Ukrtransnafta” dövlət şirkətinin mart ayında Azərbaycandan alaraq “Trafigura” beynəlxalq ticarət və logistika şirkətinə satdığı neftin həcminə həmahəngdir.

Güman edilir ki, “Trafigura” həmin Azərbaycan neftini Rumıniyaya satıb.

Ötən ilin yanvar-aprel aylarında Ukrayna neft ixracı həyata keçirməyib.