“Caspian Energy Club” “Caspian Energy Italy”da pay iştirakını satışa çıxarıb

200

“Caspian Energy Club” İtaliyadakı fəaliyyətini genişləndirmək məqsədilə “Caspian Energy Italy”da pay iştirakını satışa çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

O qeyd edib ki, pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində “Caspian Energy Italy” italyan və ingilis dillərində eyniadlı jurnal dərc etmək hüququn əldə edib. Eyni zamanda, “Caspian Energy TV”, “Caspian Energy Photo”, “Caspian Energy News”, “Caspian Energy Investor”, “Caspian Energy Jobs” və “Caspian Energy Info” layihələrinə tam və ya qismən inteqrasiya nəzərdə tutulub.

T.Əliyev, həmçinin bildirib ki, “Caspian Energy Italy” İtaliyanın bir sıra şəhərlərində ildə bir neçə dəfə beynəlxalq “Caspian Energy Forum” təşkil edəcək. “Caspian Energy Italy”, həmçinin hər il “Caspian Energy Award Italy”, “Caspian Business Award Italy” və “Brand Award Italy” beynəlxalq mükafatlarının təqdimetmə mərasimlərini də keçirəcək.

“Bununla yanaşı, hər ay İtaliyanın fərqli regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin B2G, B2B və B2С formatlarında müxtəlif tədbir və forumları təşkil olunacaq. “Business Tour” layihəsi çərçivəsində sahibkarlar İtaliyanın müxtəlif region və müəssisələrinin investisiya imkanları ilə tanış olmaq və ora şəxsən baş çəkmək fürsəti əldə edəcəklər”, – deyə T.Əliyev vurğulayıb.

Qeyd edək ki, “Caspian Energy” beynəlxalq jurnalı 1999-cu il mayın 28-dən fəaliyyət göstərir və dünyanın 50 ölkəsində yayımlanır. “Caspian Energy” ticarət markası da dünyanın 50 ölkəsində qeydiyyatdan keçib.

20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və Baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər investorlar üçün istiqamətləndirici rol oynayır.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.