“Şimal axını – 2” layihəsi işə düşərsə Ukrayna ildə 4-5 milyard dollar itirəcək

216

“Şimal Axını-2” qaz kəmərinin işə salınması ilə Ukraynanın zərəri ildə 5-6 mlrd. dollar təşkil edəcək.

Ovqat.com xəbər verir ki, “Ukrayna QTS operatoru” şirkətinin rəhbəri Sergey Makoqon Exploration&Production Consulting konsaltinq şirkətinə müsahibəsində bunu bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın qaz tranzitinə son qoyacağı təqdirdə 1,5 mlrd.dollar itirəcək: “Belə olan halda Ukraynada qazın qiyməti bahalaşacaq, çünki onun AB-dən nəqli hər kubmetrdə təxminən 50 dollar baha başa gələcək. Bu da iqtisadiyyatın daha 2-3 milyard dollar itkisinə gətirib çıxaracaqdır”.

Makogonun fikrincə, bu itkilər yerli mavi yanacaq hasilatını artırmaqla kompensasiya edilə bilər. O bildirib ki, Ukrayna qazçıxarma şirkətlərinə maksimum imkanlar vermək və öz hasilatını stimullaşdırmaq lazımdır.

Qeyd edək ki, “Şimal axını-2” Rusiyanın Ukraynadan Avropaya nəqlinə alternativ olaraq çəkilir. Kəmər tamamlanarsa, Moskva Avropaya Ukrayna üzərindən qaz nəqlini dayandırmağı planlaşdırır. Məlumata görə, indidən Ukrayna üzərindən qaz nəqli böyük ölçüdə azaldılıb.

Mütəxəssislərin bildirdiyinə görə, Moskvanın bu layihədə iki önəmli məqsədi var: əvvəla, onun üzünə ağ olan Kiyevi cəzalandırmaq, ikincisi isə daha ucuz qaz nəqli marşrutu yaratmaq. ABŞ və bəzi Avropa ölkələri məhz bu səbəbdən layihəni daha çox geosiyasi plan kimi qiymətləndirir, onun çəkilməsinə qarşı çıxırlar.

Hazırda 95%-i çəkilən “Şimal axını-2” layihəsində çalışan borudöşəyici gəmi şirkətlərinə ABŞ-ın tətbiq etdiyi sanksiya səbəbindən işlər dayandırılıb. Almaniya isə enerji təhlükəsizliyini əsas gətirib təchizat imkanlarını şaxələndirmək məqsədi ilə boru kəmərinin çəkilməsinə maraq göstərir.

Ovqat.com