Bakı Beynəlxalq Dəniz Ticarət Limanından REPORTAJ

358

Bu “Azərbaycan” gəmisi ölkəmizdə istehsal olunub. Elə ilk yükünü də Bakı Limanından götürüb. Bunun üçün limana yan alan gəmi burada yüklənərək Qazaxıstana yol alıb. Ro-Pax tipli olan bu gəmi-bərə həm yükləri, həm də sərnişinləri daşıya bilmək iqtidarındadır.

Hazırda biz Xəzər dənizinin ən böyük dəniz limanı hesab olunan Bakı Limanındayıq. Limanın 13 körpüsü var və bu liman il ərzində 100 min yük konteyneri daxil olmaqla, 15 milyon tondan artıq yük aşırma qabiliyyətinə malikdir. Gələcəkdə isə bu rəqəmin 25 milyon tona çatdırılması planlaşdırılır.

APA TV-nin məlumatına görə, Şərq-Qərb, Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizin ən böyük limanı hesab olunur. Bu məkan həm də ölkəmizin əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi əsas mərkəz kimi regional və qlobal təchizat zəncirlərində mühüm rola malikdir.

2018-ci ilin 14 mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı əsas intermodal paylama mərkəzi kimi fəaliyyət göstərməklə yanaşı, gömrük və müvəqqəti saxlanc anbarları, nəqliyyat və qeyri-nəqliyyat sektoru ilə bağlı layihələri özündə əks etdirən kompleks inkişaf modelindən istifadə edir.

Liman ərazisində 8 ədəd müasir kran quraşdırılıb ki, bu kranlar limana gətirilən yüklərin vaqonlara, yük konteynerlerinə və anbarlara boşaldılmasına və yenidən gəmilərə yüklənməsinə xidmət göstərir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mətbuat katibi Elmar Həbibli bildirir ki, koronavirus pandemiyasının mənfi təsirləri səbəbindən dünya iqtisadiyyatında geriləmə müşahidə olunsa da, bu dövr ərzində Bakı Limanının fəaliyyəti demək olar ki, uğurlu olub: “Ötən il Bakı limanında aşırılan ümumi yüklərin həcmi 2019-cu ilə nisbətdə 20% artıb. Ötən il aşırılan ümumi yüklərin həcmi 4,18 milyon tondan çox olub. Sevindirici haldır ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, ötən il Bakı Limanında konteyner və quru yükün, eyni zamanda ağır tonnajlı nəqliyyat vasitələrinin, TIR-ların aşırılmasında son 30 ilin rekordu qeydə alınıb”.

Liman sözçüsü deyir ki, ötən il qeydə alınan artım tempi cari ildə də davam etməkdədir: “Bu ilin ilk ayında da Bakı Limanının ümumi yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17%-ə yaxın artıb. Yəni bu ilin ilk 3 ayında 1,4 milyon tondan çox yük aşırılıb. Gözlənilən odur ki, ilin sonuna qədər Bakı Limanında aşırılan yüklərin həcmi 5,3 milyon tondan çox olacaq”.

Bakı Limanına gətirilən yüklər əsasən Mərkəzi Asiya ölkələrinin payına düşür. Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Avropaya daşınan yüklərin böyük bir hissəsi Türkmənistan və Qazaxıstan limanlarında gəmilərə yüklənərək Bakı Limanına gətirilir. Bu da Böyük İpək Yolunun üzərində yerləşən limanın əhəmiyyətini birə-beş artırır: “Arxada gördüyünüz karbamid yüküdür. Bu yük Türkmənistandan gəlib. Hazırda bu yükün liman ərazisində aşırılma prosesi həyata keçirilir və bu yük Avropa ölkələrinə aparılır. Gördüyünüz kimi, kran vasitəsilə karbamid gəmidən götürülərək, “HOPER” cihazının üzərinə boşaldılır və oradan da qapalı vaqonlara yüklənilir”.

Yük demişkən, Bakı Limanına gətirilən quru yüklərin, əsasən də gübrə və Qazaxıstandan gətirilən taxılın saxlanılması üçün bu ilin sonuna kimi terminalların inşasına başlanılması planlaşdırılıb.

Limanın mətbuat katibi deyir ki, yük aşırmanın həcmində artım müşahidə olunsa da, pandemiya səbəbi ilə sərnişin daşınmasında bir qədər durğunluq müşahidə olunmaqdadır: “Ötən il Bakı Limanında bu sahədə azalma müşahidə edilib. Amma bununla belə, ötən il 25 600-dən çox sərnişin daşınıb. Pandemiyanın bu il də davam etməsi səbəbi ilə bu rəqəmin bu il də aşağı olması gözlənilir. Amma ümumi yükaşırma göstəricilərimiz yüksəkdir deyə, bu bizi sevindirir. Məsələn, bir rəqəm vurğulayım ki, təkcə bu ilin 3 ayında Bakı Limanında quru yükün aşırılmasında 52%-lik artım əldə edilib”.

Xəzər dənizi vasitəsilə Bakı limanına gətirilən yüklər limanın bərə terminalında operativ şəkildə vaqonlara yüklənilərək Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyə və digər Avropa ölkələrinə aparılır.

Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bütün növ yükdaşımalarını həyata keçirmə imkanlarına malik olan Bakı Limanına gətiriləcək yüklərin 3 dəfə artacağı gözlənilir.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV