Bərpa olunan enerji mənbələrindən istifadəyə dair yeni qanun layihəsi I oxunuşda qəbul edilib

252

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, yeni qanun layihəsi Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli Sərəncamından irəli gələrək hazırlanıb.

Sənəddə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətlərinin (tarifləri) müəyyənləşdirilməsi qaydası müəyyənləşib. Layihəyə əsasən, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.

Bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.

Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

Zəmanətli tariflər bu Qanunun 8.5-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.

Bundan əlavə, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri də aşağıdakılar kimi müəyyənləşdirilib:

1. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;

3. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi aktları qəbul etmək;

4. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;

5. bərpa olunan enerji mənbələrinin ərazilərini müəyyənləşdirmək;

6. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmlərini tətbiq etmək;

7. peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlər həyata keçirmək.

Yeni qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.