“Ever Given” konteyner gəmisinin həbs müddəti uzadılıb

231

İsmailiyyə şəhərinin (Misir) İqtisadi Apellyasiya Məhkəməsi, Süveyş Kanalını saya oturaraq bağlayan “Ever Given” konteyner gəmisinin həbs müddətini uzadıb.

“Seanews.az” xəbər verir ki, hazırda iş birinci instansiya məhkəməsinə göndərilib.

Gəminin sahibi yapon şirkəti “Sohei Kisen” gəminin girov götürülməsinin qanunsuz olduğu barədə iddia qaldırıb. Şirkətin vəkilləri baş vermiş hadisəyə görə kanal administrasiyasının məsuliyyət daşıdığını bildiriblər.

Onların iddialarına görə, fırtınalı hava şəraitində kanaldan keçid edən konteyner gəmisini ən azı iki ədəd yedək gəmisi müşayiət etməli idi. Vəkillər Misir məhkəməsinə konteyner gəmisini saxladıqları üçün 100 min dollar təzminat tələbi ilə müraciət ediblər.

Kanal rəhbərliyi hadisə ilə əlaqədar vurulan zərərin ödənilməsində israr etməyə davam edir. İlkin mərhələdə 900 milyon dollar təzminat tələb edən kanal rəhbərliyi məbləği 550 milyona qədər endirib. Rəhbərlik qeyd edib ki, gəmi sahibi 200 milyon dollar girov ödəməklə gəmini geri ala bilər.

Növbəti məhkəmə iclası mayın 29-na təyin edilib.