BP Azərbaycanda potensialın artırılmasına dəstəyini davam etdirir

220

“BP-Azərbaycan” öz tərəfdaşları ilə birlikdə 2011-ci ildə əsasını qoyduğu və səkkiz il uğurlu fəaliyətdən sonra 2018-ci ildə davamlı və müstəqil idarə olunması üçün Bakı Ali Neft Məktəbinə təhvil verdiyi Layihə İdarəetmə Məktəbinə (LİM) dəstək verməyə davam edir.

Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, bu dəstəyin və ölkədə yerli imkanların və ümumi potensialın artırılmasına yönəlmiş öhdəliyinin tərkib hissəsi kimi “BP-Azərbaycan” hazırda 2021-ci il LİM proqramında 20 nəfərin iştirakını maliyyələşdirir. Hər qurumdan 10 nəfər olmaqla, bu iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İcbari Tibbi SIğorta üzrə Dövlət Agentliyinin nümayəndələridir.

BP-nin bu dəstəyinin ümumi məbləği 170 min manatdır.

Qeyd edək ki, LİM layihəsi yerli menecerlərin müfəssəl beynəlxalq layihə idarəetmə proqramından istifadəsini təmin etmək məqsədi ilə xüsusi olaraq tərtib edilib. Ümumilikdə yeddi moduldan ibarət olan LİM proqramını tam bitirənlər ABŞ-ın Dyuk Universitetinin qlobal miqyasda tanınan “Layihə İdarəetmə üzrə Peşəkar Sertifikat”ını (” Professional Certificate in Project Management”) əldə edir və DCPM (“Duke Certified Project Managers”) dərəcəsini qazanırlar.