“Şahdəniz” – regionun enerji xəritəsini dəyişən layihə

271

Azərbaycan ən qədim neft istehsal edən ölkədir və neft sənayesinin bütün tarixi boyu dünyanı enerji ilə təmin edib.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, ölkə 1991-ci ildə müstəqillik qazandıqdan sonra onun enerji təchizatı coğrafiyası nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənib. Nəticə etibarilə, ölkə iyirmi ildən artıqdır ki, təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir.

XXI əsrdə isə Azərbaycanın enerji sənayesi nəhəng “Şahdəniz” yatağında aşkar edilmiş təbii qaz ehtiyatları sayəsində sürətli inkişafına davam edib.

“Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) iyirmi beş il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib.

“Şahdəniz” üzrə HPBS-nin imzalanması və “Şahdəniz” perspektiv sahəsində böyük bir qaz kondensat yatağının aşkar edilməsi Azərbaycan iqtisadiyyatına irihəcmli xarici investisiyaların yönəldilməsinə səbəb oldu. Şahdəniz yatağından Cənubi Qafqaz Boru Kəməri vasitəsilə 2007-ci ildə Gürcüstan və Türkiyəyə kommersiya qaz nəqlinin başlanması ölkəni qaz ixracatçısına çevirdi və Azərbaycanın enerji sənayesi tarixində yeni bir səhifə açıb. Bu yaxınlarda istifadəyə verilən Cənub Qaz Dəhlizi (CQD) sayəsində isə Azərbaycanın enerji ehtiyatları ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çıxdı. Bu, ölkənin Avropaya irihəcmli qaz təchizatçısına çevrilməsinə şərait yaratdı.

“Şahdəniz” üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılıb. “Şahdəniz” üzrə iştirak payları belədir: bp (operator – 28,8 %), TPAO (19 %), “Petronas” (15,5 %), AzŞD (10 %), “Lukoyl” (10 %), NIKO (10 %) və Cənub Qaz Dəhlizi Apstrim (6,7 %).

“Şahdəniz yatağı

“Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Yataq Bakıdan təqribən 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1 000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.

“Şahdəniz” 140 kvadrat kilometrdən artıq sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.

1997-2001-ci illər ərzində “Şahdəniz” strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları dünya səviyyəli qaz kondensat yatağının olduğunu təsdiq edib.

“Şahdəniz” yatağının işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında “Şahdəniz” üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə razılıq verdilər. Həmin mərhələdə apstrim və midstrim infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən bir platformanın və onu Səngəçal Terminalına birləşdirəcək boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşası nəzərdə tutulurdu.

2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və CQBK üzrə əməliyyatlar başladıqdan bəri Şahdəniz Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.

“Şahdəniz 2

“Şahdəniz” yatağının işlənməsinin növbəti mərhələsi, yəni “Şahdəniz 2”, 2013-cü ildə təsdiqlənib. “Şahdəniz 2” dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturudur. O həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı ilk dəfə olaraq birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.

Dənizdə “Şahdəniz 2” layihəsi 26 sualtı quyu, 500 km sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 km boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3 500 kilometrlik məsafəni qət etməsi üçün üç yeni kompressiya obyektləri inşa edilib.

Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, “Şahdəniz 2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə Şahdəniz yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 000 bareldən çox kondensat təşkil edəcək.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur. Hazırda layihə əsas diqqəti sualtı tikinti işlərinə və yeni cinahları işə salmaq üçün quyu proqramına yönəldərək hasilatı ən yüksək sabit səviyyəyə çatdırmaq istiqamətində irəliləyir. Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb. Bu quyulardan səkkizi hal-hazırda istismardadır və daha beşi dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.

“Şahdəniz” yatağında hasilat maksimuma çatdıqda, Cənub Qaz Dəhlizi boyu yerləşən paytaxt şəhərlərdən hər birinin ehtiyaclarını iki dəfədən artıq ödəmək üçün kifayət qədər təbii qaz təmin edəcək.

Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Şahdəniz Avropaya yeni böyük enerji həcmlərini çatdırmağa başlayaraq Avropanın enerji mənbələrini daha da şaxələndirmiş və enerji keçidi üçün vacib olacaq yeni təbii qaz tədarükünü təmin edib.

Yerli imkanların genişləndirilməsi

“Şahdəniz” yatağının işlənməsi bir çox sahələrdə yerli potensialın və texnoloji imkanların artmasına təkan verib.

“Şahdəniz 2” üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələri təkmilləşdirilmiş, o cümlədən Bayıl zavodunun platforma tikinti imkanlarını genişləndirilib və “BOS Shelf” müəssisəsinin yeni sualtı konstruksiyalar inşa etmək imkanları inkişaf etdirilib. “Şahdəniz 2” dəniz platformalarının istehsalı ilk dəfə tam olaraq yerli səviyyədə Azərbaycanın yerli resursları və imkanlarından istifadə edərək həyata keçirilib.

Layihə ölkənin dəniz gəmilərinin imkanlarının yaxşılaşdırılmasına da kömək etmişdir. Layihə çərçivəsində istifadəyə verilmiş müasir “Xankəndi” sualtı tikinti gəmisi xüsusi olaraq Şahdənizdə sualtı tikinti işlərini dəstəkləmək üçün inşa edilib.

“Şahdəniz” layihəsi hər iki mərhələsində tikinti və istismar əməliyyatları çərçivəsində regiondakı insanlar üçün əhəmiyyətli məşğulluq imkanları təmin edib. “Şahdəniz 1” layihəsinin işə salınmasında 5000 nəfərdən çox insan iştirak edib. “Şahdəniz 2” layihəsinin işlənməsinin pik həddində Azərbaycan və Gürcüstanda 30 mindən çox iş yeri yaradılmış və ümumi iş saatları 180 milyondan çox olub.

Tikinti və sonrakı istismar fəaliyyətini dəstəkləmək məqsədilə yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları təmin edilib.

“Şahdəniz” layihəsi çərçivəsində yerli təchizat strategiyası yerli müəssisələrin daha da inkişaf etməsini stimullaşdıraraq yüzlərlə Azərbaycan şirkətlərinə öz imkanlarını inkişaf etdirməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan verib.

Layihə həmçinin sosial inkişafı və iqtisadiyyatını gücləndirməkdə Azərbaycanı dəstəkləmək məqsədilə dayanıqlı inkişaf təşəbbüslərinin davam etdirilməsi üçün yeni imkanlar yaradıb.