Azərbaycanın nəqliyyat strategiyası beynəlxalq miqyasda təqdir edilir…

357

Azərbaycan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb. Belə bir açıqlama ilə Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk Sankt-Peterburq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postkovid dövründə Avrasiya regional əməkdaşlığı” adlı paneldə aparılan müzakirə zamanı deyib. 

Aleksey Overçuk nəqliyyat sahəsində Azərbaycanın genişmiqyaslı işlər gördüyünü və bunun “Şimal-Cənub” üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Azərbaycan daxilində yollar, dəmir yolları möhtəşəm səviyyədədir. Bir sözlə, nəqliyyat yollarını Azərbaycan inkişaf etdirib. Bunu Azərbaycanda olan hər kəs bilir. Təkcə dəmir və avtomobil yolları deyil, Azərbaycan Xəzər dənizində olan limanını da inkişaf etdirib. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir”.  Qeyd edək ki, Rusiyada 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz işinə başlayıb. Tədbirdə Azərbaycanı baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edir. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır. Daha sonra forumun gündəliyinə qlobal rəqəmsal platformalar dövründə çoxmədəniyyətli müxtəlifliyin qorunması, turizm sənayesi üçün yeni sərmayə və texnoloji imkanlar, beynəlxalq ticarət üçün rəqəmsal platformanın formalaşması məsələləri və bir çox digər aktual mövzular daxil ediləcək. Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun tanıtım proqramı çərçivəsində hər il iri tədbirlər, biznes forumları və işgüzar dairələrin nümayəndələrinin görüşləri də keçirilir. Azərbaycan da artıq bu mühüm tədbirdə təmsil edilənlər sırasındadır. Bunu şərtləndirən əsas səbəblərdən biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi istiqamətində Azərbaycanın atdığı addılardır. Özü də bunlar o vaxt baş verir ki, “Şimal-Cənub” dəhlizinin genişləndirilməsi aktuallaşır. Belə ki, bu günlərdə
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankir təklif edib ki, İranın Çabahar limanı “Şimal-Cənub” dəhlizinə daxil edilsin. O hesab edir ki, Cənub-Şərqi Asiya ölkələri ilə Avropa dövlətləri arasında nəqliyyat əlaqəsinin səmərəsini artırmaq üçün Çabahar beynəlxalq dəhlizə daxil edilməlidir. Onun sözlərinə görə, Avropa ölkələri Asiya, Asiya ölkələri isə Avropa bazarlarına yaxın və təhlükəsiz yolla çıxış əldə edə biləcək. Nazir xatırladır ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirsə, “Şimal-Cənub” dəhlizi ilə cəmi 7 min 200 kilometr yol qət edəcək. Yüklər 60 günə ərzində deyil, 30 gün ərzində mənzil başına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz düşəcək. Hindistan özü isə nəqliyyat xərclərinə 20 faiz qənaət etmiş olacaq.

Çabaharla yanaşı, Oman dənizindəki Şəhid Behişti və Şəhid Kələntəri limanları da, Hindistana görə, dəhlizə qoşula bilər. Bu fonda, İranla yanaşı, idxal-ixrac əməliyyatlarını həyata keçirən Cənub-Şərqi Asiya ölkələri yalnız Avropa ilə deyil, eyni zamanda Qafqaz, Orta Asiya, Ukrayna, Belarus və Pribaltika respublikaları ilə də nəqliyyat əlaqəsi yaradacaq. Bunun üçün İran tez bir zamanda Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarını inşa edib istismara buraxmalıdır. Çabahar-Zahidan yolu limanla İranın mərkəzini, Rəşt-Astara yolu isə Azərbaycana çıxışı təmin edəcək. Beləliklə, Hindistanın Mumbai limanında Çabahar limanına daxil olan yüklər Çabahar-Zahidan xətti ilə Rəşt-Astara dəmir yolu vasitəsilə daşınaraq Azərbaycan və Rusiya ərazisindən tranzit keçməklə Qərbi Avropaya çatdırılacaq. Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. İran, çətinliklərə baxmayaraq, bu yolu inşa edə bildi. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan bu layihədə mühüm rola malik dövlətlərdən biridir. Tranzit ölkə olaraq, Azərbaycan hökuməti ilk növbədə Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xəttini inşa edərək İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. Bundan başqa, Bakı Limanında yenidənqurma işləri həyata keçirilib və yükaşırma imkanları dəfələrlə artırılıb. Onu da qeyd edək ki, yeni Bakı-Astara avtomobil yolu da çəkilib ki, bu da dəhlizə daxil olan seqmentlərdən biridir. İndi “Şimal-Cənub” dəhlizinin fəaliyyətə başlaması üçün yalnız İran ərazisində Çabahar-Zahidan və Rəşt-Astara dəmir yollarının tamamlanması işləri qalır.

İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami cari ilin fevralında Çabahar-Zahidan dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edərək bildirib ki, yol 2023-cü ilə kimi istifadəyə veriləcək. Nazir Rəşt-Astara xəttinin də həmin ildə istismara buraxılacağını deyib. Proqnozlar özünü doğrultsa, 2 ildən sonra “Şimal-Cənub” dəhlizi fəaliyyətə başlayacaq və Azərbaycan tranzit ölkə olaraq dəhlizin fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcək. Burada söhbət yalnız tranzit gəlirlər əldə etməkdən getmir. Dünyanın Çin, Hindistan, Rusiya kimi iri iqtisadi dövriyyəyə malik dövlətləri ilə Azərbaycanın geniş iqtisadi və siyasi əlaqələri yaranacaq. Bütün bunlar Azərbaycanın nəqliyyat strategiyasının nə dərəcədə uğurlu olduğunu göstərir.

Ramil QULİYEV