Ötən ay Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 % azalıb

391

Bu ilin may ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 15,580 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 1,374 milyon barel və yaxud 8,1 % azdır.

Bu ilin yanvar-may ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 84,185 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 10,558 milyon barel və yaxud 11,14 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.