İGB qaz kəmərinin tikintisi üzrə işlərin 55 %-ı yekunlaşıb

293

“Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) qaz tədarükünün təhlükəsizliyi və mənbələrinin şaxələndirilməsi üçün böyük əhəmiyyətə malikdir. Biz bu boru kəmərinin inşası ilə bağlı razılaşdırılmış tarixlərlə güzəştə gedə bilmərik”.

“Report”un məlumatına görə, bunu IGB-nin Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgieva İGB-nin Yunanıstan üzrə layihə rəhbəri Konstantinos Karayannakos ilə interkonnektorun tikintisinin gedişatı ilə yerində tanışlığı zamanı bildirib.

Onun sözlərinə görə, ICGB-nin bütün əsas tədbirləri aktiv şəkildə inkişaf etdirilir və boru kəməri infrastrukturunun vaxtında, yəni 2021-ci ilin sonuna kimi tamamlanması gözlənilir: “Yunanıstanla qaz interkonnektorunun 160 km-dən artıq hissəsi qaynaq edilib və artıq tamamlanmış hissələrin uzunluğu 100 km-ə çatır. Xəndəyin hazırlanması bir sıra digər tədbirlərin hazırlanması ilə yanaşı davam edir. Qaz kəmərinin Maritsa çayı altından keçməsi üçün hazırlıqlar artıq başa çatıb və ərazidəki qruplar təyin olunan fəaliyyət vaxtı çərçivəsinə uyğun olaraq qazma işlərinə başlamağa hazırdır”.

O bildirib ki, boru kəmərinin interkonnektorunun razılaşdırılmış müddət çərçivəsində həyata keçirilməsi bizim üçün xüsusilə vacibdir. Bunu layihənin podratçı şirkəti ilə görüşdə də vurğuladıq. IGB boru kəməri yalnız Bolqarıstan və Yunanıstan üçün deyil, eyni zamanda bütün bölgə üçün qaz tədarükünün təhlükəsizliyi və mənbələrinin şaxələndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün də razılaşdırılmış tarixlərdə heç bir güzəştə gedə bilmərik.

O qeyd edib ki, layihə şirkəti interkonnektorun tikinti müqaviləsinə ciddi təzminat daxil edib. IGB-nin müəyyən olunmuş müddətdə inşaat işlərinin tamamlanmaması halında podratçı tərəfindən təzminat tələb ediləcək: “Bütün tərəflər boru kəmərinin razılaşdırılmış müddətlərdə uğurla başa çatdırılmasında maraqlıdır. Lakin bu şərtlər yerinə yetirilmədiyi təqdirdə layihə şirkəti müqavilə üzrə kompensasiya maddələrini aktivləşdirməkdən çəkinməyəcək. Yunanıstan və Bolqarıstanın maraqları qorunacaq və biz bu mövzuda iki ölkənin hökumətin tam dəstəkləyirik”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.