Bayıl qalası, Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsidir.
Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.
Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 175 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.
Tikinti aralarında olan məsəfə – (16 metrdən 38 metrə qədər) yarımdairəvi qüllələr vasitəsilə divarla birləşdirilmişdir. Divarın qalınlığı 1,2 metrdən 1,5 metrə qədərdir. Abidənin 15 qülləsi vardır. Bunlardan yalnız şimal-qərb tindəki və cənubdakı iki qüllə dairəvi formada olub, içərisi boşdur. İçərisi bütöv qalan 12 qüllənin hamısı yarımdairə şəklindədir. Qəsrə iki tərəfdən daxil olmaq olardı: cənub və şimal-qərb səmtdən. Həmin səmtlərdə olan üç dairəvi qüllənin qəsrə girmək üçün 1,3 metr enində ensiz qapısı vardır. Səkkizinci və doqquzuncu qüllələri birləşdirən cənub divarında və həmçinin ondördüncü və onbeşinci qüllələri birləşdirən şimal-qərb divarında da qapılar vardır. Ensiz qurulmuş qapılar onu göstərir ki, qəsrə ancaq piyada şəkildə daxil olmaq mümkün idi. Qüllələrin bəzilərində yuxarıya çıxmaq üçün daş pilləkənlər olmuşdur. Tikintinin cənub içəri hissəsində bir neçə binanın özül hissələri aşkar edilmişdi. Otaqların döşəmələrində qala divarından xaricə çıxan su axarları tapılmışdı. Qəsr əhəngdaşından tikilmişdir. Aparılmış axtarışlar və tədqiqatlar müəyyən etmişdir ki, vaxtilə qala divarının üst hissəsi bütünlüklə friz kəməri şəklində daş laylardan düzəldilmiş yazılarla əhatə edilmişdir. Layların ölçüsü bunlardır: hündürlüyü 70 sm, eni 25-50 sm, qalınlığı isə 12-15 sm-dir.
İlk dəfə bu yazılı daşlardan bir neçəsini 1861-ci ildə Xəzər dənizində tədqiqat işləri aparan xüsusi dəniz ekspedisiyasının rəisi A.İvaşintsev suyun altından çıxartmışdı. Daşların üzərindəki rəsmlərin fotoşəkillərini çəkərək Peterburq Arxeoloji cəmiyyətinə göndərmişdi. Sonrakı illərdə daha bir neçə belə rəsm və yazılı daş laylar tapılır. 1939-1969-cu illər ərzində suyun altında 700-ə qədər belə daşlar tapılır və sudan çıxarılır. Hal-hazırda Şirvanşahlar sarayının həyətində nümayiş etdirilən daşlar, məhz həmin daşlardır. Yazılar fars-ərəb dilli yazılardır. Lakin əksər hissəsi fars dilində tərtib olunmuşdur və müxtəlif bəzək elementlərlə, əsasən nabatı xarakterli bəzəklərlə bəzənmişlər. Yazılardan başqa, bəzi daş layların üzərində mifi canlı heyvan, hətta insan surətləri də tapılmışdır. Bütün bu rəsmlər olduqca ustalıqla işlənilmişdir. Ustaların böyük bədii-estetik zövqündən və bədii daşyonma sənətinin kamilliyindən xəbər verir. Xüsusilə böyük ustalıqla iki cavan qadının portretləri işlənmişdir. Portretlərə diqqətlə baxdıqda müəyyən olunur ki, bunlar ümumiləşdirilmiş qadın obrazları yox, real şəxslərin surətləridir… Suyun altından çıxarılmış lövhələrin hamısının keyfiyyəti eyni dərəcədə deyildir: bunlara su və zaman özünün mənfi təsirini göstərmişdir. Daşların bir çox hissəsi əsrlər boyu ləpənin təsirindən əsaslı surətdə ziyan çəkmiş, üzərilərindəki yazı və təsvirlər pozulmuşdur.
1939-cu ildə tikinti ilk dəfə tədqiq olunarkən, yarım bürclərin birində Şirvanşah III Fəribürzun adı həkk olunmuş mis pul dəyəri tapılmışdı. Oxunmuş daşların üzərindəki yazılar IX-XIV əsr Şirvan və Şirvanşahların tarixini, o dövrün görkəmli şəxsiyyətlərini abidənin inşasında iştirak etmiş Zeynəddin bin Əbu-Rəşid, Əbu-Rəşid bin Zeynəddin kimi sənətkarlar sülaləsi və b. haqqında məlumatlar verir.
Yazılar, eyni zamanda, abidənin tikilmə tarixini də dəqiqləşdirir. Müəyyən edilmişdir ki, bina-qəsr Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Güştasb Gərşəsbin oğlu III Fəribürzun dövründə (1225-1243) tikilmişdir. Frizli yazıların içərisində qəsrin memarı Əbdül-Məcid Məsud oğlunun adı bərpa edilə bilən yazı fraqmenti tapılmışdır. Bu memar eyni vaxtda Mərdəkan dəyirmi qalasını da tikmişdir. Başqa daşlardan «Əzəmətli dəniz mülkü», «Şirvan», «Gilan», «Fərruxzad bin Mənuçöhr», «Xosrov şahi», «Bakıdan Mahmud», «Camaat», «Seyid əl-Məruf» və başqa sözlər oxunmuşdur. Bunlardan başqa: «Zeyn Əd-Din bin Əbu-Rəşid Əl-Nəqqaş» və «Ustad Zeyn-Əd-Din bin Əbu-Rəşid Şirvaninin işi» yazılmış sözlər oxunmuşdur. Bayıl daşları Azərbaycan xalqının keçmişini, mədəniyyətini, incəsənətini öyrənmək üçün dəyərli bir mənbədir. Bayıl daşları üzərində tədqiqat işləri indi də davam etməkdədir.
Bu tarixi abidənin qalıqları “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.