“ADY Konteyner” Türkiyədən Avropaya yüklərin nəql edilməsinə başlayıb

267

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəməsi – “ADY Konteyner” MMC Türkiyə ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinə töhvəsini verməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “ADY Konteyner” Türkiyənin nəqliyyat-logistika şirkəti olan “Pasifik Eurasia Logistics” ilə birgə yüklərin Türkiyədən Avropaya nəql edilməsi üzrə layihəyə başlayıb. Birgə layihə çərçivəsində Türkiyə istehsalı olan məhsulların Avropaya və əks istiqamətdə çatdırılması nəzərdə tutulur. Layihənin sonrakı mərhələlərində isə yüklərin Türkiyə vasitəsilə Azərbaycan-Avropa ölkələri arasında daşınması planlaşdırılır.

Layihənin ilkin mərhələsi çərçivəsində Türkiyə istehsalı olan izolyasiya materialları ilə yüklənmiş konteynerləri “Pasifik Eurasia Logistics” şirkəti İstanbul şəhərindən Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola salınıb. Həmin konteynerlər Macarıstanda yenidən yüklənərək Türkiyə üçün nəzərdə tutulmuş idxal yüklərini əks istiqamətdə nəql edəcək.

Ölkəmizin tranzit imkanlarının və transkontinental nəqliyyat bağlantılarının gücləndirilməsi ilə yanaşı “ADY Konteyner” Azərbaycan ərazisindən keçməyən marşrutlarda iştirak etməklə regionda müxtəlif logistik məhsullar təqdim etməyə çalışır. Bu addım nəqliyyat-logistika şirkəti olan “ADY Konteyner”in daha çox logistika seqmentinin gücləndirilməsinə xidmət edəcək.