Xəritələr

437

Yəqin ki, siz dünyanı və Azərbaycanı əks etdirən xəritələr görmüsünüz. Xəritələrdən müxtəlif sahələrdə istifadə olunur.   

Bəs xəritələrdən hansı məlumatları almaq olar?  

 Müxtəlif məzmunlu xəritələr vardır – siyasi, fiziki, iqlim xəritələri. Xəritələrin məzmunları müxtəlif olsa da,  onların ümumi cəhətləri vardır: ərazilər kiçildilmiş şəkildə təsvir olunur, meridian və paralellər çəkilir, şərti qəbul olunmuş işarələr  ilə qəbul edilir.  

Xəritələrdə bütün dünya, hər hansı bir region və ya dövlət təsvir oluna bilər. Rəngsiz  çəkilən xəritələr kontur xəritələr adlanır. Kontur xəritələrdə ölkələrin dövlət sərhədlərini qeyd etdikdən sonra onları müxtəlif rəngdə boyayırlar. Nəticədə siyasi xəritə alınır. Siyasi xəritələrdə dövlətlərin paytaxtları və şəhərləri də qeyd edilir.  

 Xəritələrdə dağlar qəhvəyi, düzənliklər yaşıl və sarı, okean və dənizlər mavi rəngin müxtəlif çalarları ilə rənglənərsə fiziki xəritə alınır. Kontur xəritələrdə hər hansı mövzuya məlumatlar əks etdirmək mümkündür. Məsələn əhalinin sıxlığı, yağıntının paylanması, faydalı qazıntıların yerləşməsi və s. Belə xəritələr tematik xəritələr adlanır.   

Xəritələrdəki məlumatlar  rənglərin, oxların, nöqtələrin və digər şərti işarələrin köməyi ilə təsvir olunur.  Müxtəlif məzmunlu xəritələr atlaslarda toplanır.