Hindistan Azərbaycanla iqtisadi əlaqələrini artırır

290

Mərkəzi Asiya və Cənubi Qafqaz regionları coğrafi mövqeyi və zəngin təbii sərvətlərilə yeni çoxqütblü dünyada böyük iqtisadi, strateji, siyasi mənafelərinin mərkəzində olduğundan Hindistan da uzunmüddətli hədəflərinə çatmaq üçün həmin regionlarla əlaqələrini genişləndirmək niyyətindədir.

“Report” “İndia Briefing”ə istinadən xəbər verir ki, bu barədə “Hindistanın Türkmənistan, Özbəkistan, Azərbaycanla ticarət ehtimalı” sərlövhəli yazıda bildirilir.

“Bunlar həmçinin ABŞ başçılığı ilə NATO-nun Əfqanıstandan çəkilməsi, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi, Çinin tətbiq etdiyi “5+1” formatı vasitəsilə Orta Asiyadakı nüfuzunun artması kimi proseslərlə baölı Hindistanın təlükəsizlik və strateji hesabları ilə də bağlıdır. Həmin ölkələr neft, təbii qaz, sürmə, qızıl, gümüş, kömür, uranium kimi hələ istifadə olunmayan ehtiyatlara sahib olmaqla yanaşı, su elektrik stansiyası, mədənçilik və metallurgiya sənayesi, inşaat sektoru, İT, turizm kimi sahələrdə Hindistan sərmayələri və əməkdaşlıq üçün fürsətlər təqdim edir. Həmçinin sözügedən dövlətlər Hindistanın istehsalat hədəfləri baxımından tələb olunan xammal mənbəyi kimi də mühüm əhəmiyyət daşıyır”, – yazıda qeyd olunur.

Bununla belə, əvvəllər Hindistanın həmin ölkələrlə iqtisadi əməkdaşlığının qismən onların dənizə çıxışı olmaması, quru yollarının isə Pakistanla gərgin münasibətlər üzündən dolaşıq olması ucbatından məhdud olduğu bildirilir. Beləliklə, Hindistanın Orta Asiya ilə ticarət həcmi xarici ticarət dövriyyəsinin cəmi 0,5 faizi, yəni 2 milyard dollardır. Halbuki Çinin həmin regionla ticarət həcmi 100 milyard diollara yaxındır.

Hindistan sözügedən ölkələrə daha çox istehlak malları, o cümlədən əczaçılıq məhsulları, habelə sərmayə malları ixrac edir. Azərbaycanın Hindistanla ticarət balansı neft tədarükünə görə müsbətdir. Belə ki, 2020-ci ildə Hindistanın Azərbaycana ixracatı 125,97 milyon dollar, idxalatı isə 456,8 milyon dollar olub. Bunun 452,73 milyon dolları yeraltı yanacaq, neft, distilasiya məhsullarının payına düşür. Bununla yanaşı, Azərbaycan Hindistana qeyri-orqanik kimyəvi məhsullar, təyyarə yanacağı, parfümeriya üçün bitkilər ixrac edib. Hindistanın Azərbaycana ixracatı daha çox taxıl və yarma, düyü, mobil telefonlar və s. elektronik cihazlar, əczaçılıq məhsulları, orqanik kimyəvi məhsullar, optik, foto və tibbi cihazlarından, maşınqayırma avadanlığı və nüvə reaktorları üçün avadanlıq, qəhvə, çay, ədviyyatdan ibarətdir.

Hindistanla Azərbaycan arasında ticarət əlaqələri 2005-ci ildən xüsusilə artıb. Bu da həmin vaxt fəaliyyətə başlayan BTC vasitəsilə Hindistan şirkətlərinin neft ixrac etmələri ilə bağlıdır. Bununla yanaşı, hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin iştirakçısıdır, habelə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlıq edirlər. Hindistan ilə Azərbaycan arasındakı əməkdaşlıq sahələri kimi İKT, səhiyyə, kənd təsərrüfatı, turizm, gömrük, idman və gənclər kimi sahələr göstərilir.