Bakı limanında gələn il yeni gübrə terminalı istifadəyə veriləcək

229

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub.

Limandan “APA-Economics”ə verilən məlumata görə, burada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı limanı) baş direktoru Taleh Ziyadovla görüşən qonağa məlumat verilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Bakı limanı Avropa ilə Asiya arasında vacib qovşaq rolunu oynayır. Regionda ilk dəfə olaraq “Yaşıl liman” statusunu alan Bakı limanının illik yükaşırma imkanı 15 mln.ton və TEU ekvivalentində 100 min konteynerdir. Üstəlik limanın ikinci fazasının inşası nəzərdə tutulur ki, bununla da limanın yükaşırma imkanı illik 25 mln. ton və TEU ekvivalentində 500 min konteyner olacaq.

Bakı limanının inkişafı barədə məlumat verən baş direktor onu da bildirib ki, liman ərazisində 2022-ci ilin sonuna kimi yeni gübrə terminalının istifadəyə verilməsi nəzərdə tutulub ki, illik yükaşırma gücü 2,5 mln. ton olacaq bu terminal sayəsində Orta Asiyadan Bakı limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Daha sonra səfirin sualları cavablandırılıb və terminallarda görülən işlə əyani tanışlıq olub. Sonda baş direktor İsrail səfirinə Bakı limanın tarixi və bu günündən bəhs edən kitab hədiyyə edib.