İsrailin Azərbaycandakı səfiri Bakı Limanına səfər edib

207

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub.

“Report” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Məlumata görə, liman barədə səfirə səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov məlumat verib. Onun sözlərinə görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Baki Limanı Avropa ilə Asiya arasında vacib qovşaq rolunu oynayır. Regionda ilk dəfə olaraq “Yaşıl Liman” statusunu alan Bakı Limanının illik yükaşırma imkanı 15 milyon ton və TEU ekvivalentində 100 min konteynerdir. Üstəlik limanın ikinci fazasının inşası nəzərdə tutulur ki, bununla da onun yükaşırma imkanı illik 25 milyon ton və TEU ekvivalentinda 500 min konteyner olacaq. Liman ərazisində 2022-ci ilin sonuna kimi yeni gübrə terminalının istifadəyə verilməsi nəzərdə tutulub ki, illik yükaşırma gücü 2.5 milyon ton olacaq bu terminal sayəsində Orta Asiyadan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Daha sonra səfirin sualları cavablandırılıb və terminallarda görülən işlə əyani tanışlıq olub. Sonda qonağa Bakı Limanının tarixi və bu günündən bəhs edən kitab hədiyyə edilib.