Rusiyanın Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin rektoru Sergey Barışnikov və prorektoru Yelena Smyaglikova Azərbaycan Dövlət Dəniz Akademiyasında olublar.
Qonaqları salamlayan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov bu görüşün iki təhsil müəssisəsi arasındakı əlaqələrə əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
O qeyd edib ki, Akademiya tədris prosesində dünyada böyük nüfuza malik S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin təcrübəsindən daim yararlanır. ADDA-nın kitabxanasından istifadə edən tələbələrimiz hazırda bu təhsil müəssisəsinin elektron kitabxanasından da internetin köməkliyi ilə istifadə edə bilirlər. Bu da tələbələr üçün əvəzsiz imkanlar yaradır.
Azərbaycana növbəti dəfə gəlişindən məmnun olduğunu deyən qonaq qarşılıqlı əlaqələrin inkişaf etməsində mütəmadi görüşlərin keçirilməsinin vacibliyini bildirib. S.Barışnikov qısa zamanda iki təhsil müəssisəsi arasında tələbə mübadiləsinin həyata keçirilməsindən də danışıb. O təklif edib ki, bu məsələdə ilk olaraq magistratura səviyyəsində oxuyanlara şərait yaradılması məqsədəuyğundur.
Daha sonra qonaqlar Akademiyada tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Onlar mühazirə otaqlarına, trenajorlar və avadanlıqlara baxdıqdan sonra ADDA-nın Təlim Tədris Mərkəzinə baş çəkiblər.
TTM-in direktoru Emil Manafov rusiyalı qonaqlara Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, burada təcrübəli dənizçilərin sertifikatlandırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi ilə yanaşı, Akademiya tələbələrinin ixtisas fənlərindən praktiki məşğələləri də aparılır.
Qonaqlar burada “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq” təliminə də baxıblar.
seanews.az