İraq nümayəndə heyəti Bakı Limanına səfər edib

157

İraqın Tikinti və Şəhərsalma nazirinin müavini Yılmaz Şahbazın rəhbəlik nümayəndə heyəti bu gün Bakı Limanında olub. Qonaqlara məlumat verilib ki, Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat məntəqəsi rolunu oynayır, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyük töhfə verir.

Eyni zamanda, diqqətə çatdırılıb ki, müasir idarəetmə sistemi, texniki imkanları və yerləşmə mövqeyinə görə Xəzər dənizi hövzəsində qabaqcıl limanlardan olan Bakı Limanı, bu regionda “Yaşıl Limanı” statusuna layiq görülmüş ilk limandır. İllik yükaşırma gücü 15 milyon ton və 100 min TEU konteyner olan Bakı Limanının, gələcəkdə ikinci fazasın da inşası nəzərdə tutulub ki, bununla da limanın yükaşırma gücü 25 milyon ton və 500 min TEU konteyner həcmində olacaq.

Öz növbəsində nümayəndə heyətinin rəhbəri, müasir tələblərə cavab verən Bakı Limanı ilə tanışlıqdan məmnun olduqlarını bildirib və gələcəkdə bu sahədə də iki ölkə arasındakı əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu qeyd edib. Sonda nümayəndə heyəti terminallarda aparılan əməliyyatları yerində müşahidə edib və onları maraqlandıran suallar cavablandırılıb.