Hindistan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin artması Azərbaycan və İran üçün əlverişlidir

398

Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsinin artması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığını da artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq nəqliyyat daşımaları üzrə mütəxəssis Məhəmməd Cavad Şahcuyi İranın “Mehr” agentliyinə müsahibəsində danışıb. O bildirib ki, 2018-ci ildə Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsi 11 milyard dollar dəyərində olub. Bu dövriyyənin yalnız 10 faizinin İran üzərindən həyata keçirilməsi ölkəyə 30 milyard dollardan çox vəsait qazandırar. Bu səbəbdən də İran Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin inşasını tez bir zamanda tam bitirib istismara buraxmalıdır ki, Rusiyadan Hindistana və əks istiqamətə daşınan yüklərdən tranzit gəlirləri əldə etməyə başlasın.

Nəzərə çatdıraq ki, bu marşrutda Azərbaycan da əhəmiyyətli rola malikdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiyadan Hindistana və əks istiqamətə gələn yüklər Azərbaycan ərazisindən keçərək İrana, daha sonra isə Çabahar limanından Hindistana daşınacaq. Hələlik “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun yalnız Qəzvin-Rəşt-hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Yolun bu hissəsi də hazır olduqdan sonra M.C.Şahcuyinin də qeyd etdiyi kimi ticarət dövriyyəsində artım müşahidə ediləcək. Təxmini hesablamalara görə təkcə Hindistan ilə Rusiya arasındakı yükdaşımalardan Azərbaycan ildə təxminən 1 milyard dollar dəyərində tranzit gəlir əldə edəcək.

Lakin yükdaşımalar yalnız Hindistan ilə Rusiya arasında məhdudlaşmır. Cənun-Şərqi Asiya ölkələrindən İranın Çabahar limanına daxil olan yüklərin 45 faizindən çoxu İran və Azərbaycan üzərindən Avropaya daşınacaq. Yüklərin hər tonu üçün beynəlxalq standartlara uyğun olaraq 200-400 dollar arasında tranzit haqqı ödənilir ki, bu da dövlət büdcəsinə külli miqdarda valyuta axınının təmin edilməsi deməkdir.

Beləliklə, Hindistan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin artması tranzit yükdaşımalarını da artırır ki, bu da Azərbaycan və İran üçün əlverişlidir.

Rabil Kətanov