Türkiyə 540 tonluq mini hücum sualtı gəmi dizaynını təqdim edib

375

Türkiyənin STM müdafiə sənayesi şirkəti bu yaxınlarda yayımladığı bir sənəddə 540 tonluq STM500 adlı mini hücum sualtı qayığının konseptual dizaynını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Defenceturk” nəşri yazıb.

STM500 inşa edildikdə Türkiyənin ən kiçik sualtı gəmisi olacaq. Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi digər sualtı qayıqların subasımı 1100-1600 tondur. Hələ də inşa mərhələsində olan “Reis” sinifli sualtı qayıqlarının su altında 2000 tondan çox subasımının olacağı gözlənilir.

42 metr uzunluğunda olan STM500 dayaz sular üçün hazırlanmış dizel elektrikli sualtı qayıq olacaq.

Qeyd edək ki, bir neçə ölkə mini hücum sualtı qayığı ilə maraqlanır. Qətər İtaliyadan Fars körfəzində istifadə etmək üçün mini sualtı qayıqlar inşa etdirir.

STM500 18 ekipaj üzvünə sahib olacaq. Gəmilər 250 metrdən çox dərinliklərdə 30 gün işləyə bilər. STM500 müşahidə, kəşfiyyat və mina müharibəsi əməliyyatları üçün uyğundur.