TANAP gələn ildən tam gücü ilə işləyəcək

266

Trans-Anadolu kəmərinin (TANAP) 2022-ci ildən tam buraxılış qabiliyyəti ilə istifadə olunması nəzərdə tutulub.

“APA-Economics” SOCAR-ın “Davamlı inkişaf” adlı hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə boru kəmərinin ümumi illik nəqletmə gücünün 16 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.

Məlumata görə, TANAP işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) 2020-ci ilin sonunadək kəmər vasitəsilə Azərbaycandan Türkiyəyə 8,38 mlrd. kubmetr qaz çatdırılıb.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.

Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.

2019-cu ilin noyabrında TANAP-ın ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan hissəsinin (Faza-1) təntənəli istismara verilməsi mərasimi keçirilib.

TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə isə ötən il dekabrın 31-də başlanılıb.