Kabelin zədələnməsində günahlandırılan  kapitanı 3 il həbs cəzası gözləyir

202

“Seanews.az” xəbər verir ki, Avstraliyanın Federal Polisi Liberiya bayrağı altında üzən “MAERSK SURABAYA” konteyner gəmisinin kapitanını saxlayıb.

Gəminin 2-16 avqust tarixləri arasında Avstraliya sularında üzdüyü bildirilir.

Konteyner gəmisinin Ukrayna vətəndaşı olan kapitanı, “Avstraliya Sinqapur” sualtı telekommunikasiya kabelinin bir hissəsini zədələməkdə ittiham olunur. “Vocus” yerli telekommunikasiya şirkəti tərəfindən idarə olunan fiber optik kabel sistemi  Milad Adası və İndoneziya daxil olmaqla, Pert və Sinqapur arasında 4600 kilometr uzanır.

 “SubCom” (“CS RELIANCE”)  təmir gəmisi “Vocus” şirkətinin razılığı ilə zədələnmiş kabeli təmir edib. Normal xidmət avqustun 13-də bərpa edilsə də, kabelin qırılmasından təxminən 1,5 milyon dollar ziyan dəydiyi bildirilir.

Avstraliyanın Federal Polisi iddia edir ki,”MAERSK SURABAYA” mühafizə zonasından 500 metr aralıda lövbər salmış və  güclü küləklər zamanı lövbəri 20 metr dərinlikdə bir kabelə ilişərək sürümüşdür.

Kabelin zədələnməsində günahlandırılan 59 yaşlı kapitanı 3 il həbs cəzası və 40 min dollar cərimə gözləyir.