İlk atom buzqıran gəmisi 2005-ci ildən muzey kimi fəaliyyət göstərir

345

Finlandiya mətbuatında keçmiş SSRİ-nin ilk atom buzqıran gəmisi haqqında geniş məqalə dərc edilib. 1959-cu ildə suya salınmış “Lenin” atom buzqıran gəmisi dövrünün ən inqilabi ixtiralarından hesab olunurdu.

Ötən əsrin 60-cı illərinin əvvəllərində SSRİ texnologiya sahəsində bir sıra fundamental layihələrə imza atmışdı. “Sputnik-1” yerin ilk süni peyki və Yuri Qaqarinin kosmosa uçuşu buna misal ola bilər. Dənizi fəth etmək üçün isə “Lenin” nüvə buzqıran gəmisini yaradır.



Adıçəkilən gəmi 2005-ci ildən muzey kimi fəaliyyət göstərir. Murmansk Dəniz Vağzalının körpüsündə durduğu illərdə gəmi-muzeyin göyərtəsində ziyarətçilər nüvə buzqıran gəmilər, onların Arktika ərazilərinə keçidləri barədə ətraflı məlumat əldə edə bilərlər.

Bundan əlavə, gəmi-muzeydə Finlandiya və Norveç muzeylərinin dəstəyi ilə yaradılmış, Arktikanı öyrənən elmi mərkəz də fəaliyyət göstərir.  Muzeyin ziyarətçiləri gəminin idarəetmə sistemi, maşın şöbəsi və digər bölmələri ilə yaxından tanış olurlar. Dövrünün ən müasir gəmisində lüks zallar, geniş hovuz və idman zalı mövcud idi.

Heyəti 243 nəfərdən ibarət gəmidə Kubanın dövlət başçısı Fidel Kastro, ABŞ-ın vitse-prezidenti Riçard Nikson kimi məşhur simalar olmuşdular.

Uzunluğu 134, eni isə 27.6 metr olan gəmi 3 ilə inşa edilmişdi. Bu o dövr üçün çox qısa zaman hesab edilirdi. Gəminin inşasında 500-dən çox müəssisə iştirak edirdi. İlkin dövrdə gəmidə hər birinin gücü 90 MVt olan üç nüvə reaktoru var idi. 1970-ci ildə isə 171 MVt gücündə iki reaktorla əvəz olundu.



Gəminin nüvə yanacağı üç ildən bir yenilənirdi. Valları və digər avadanlıqları elektriklə işləyirdi. 44 min at gücündə gəmi üçün qalınlığı 2 metrə çatan  buzları qırmaq çətin deyildi.  

Gəmi qəzasız da keçinməyib. 1965-ci ildə gəmidə yanacaq sızıntısı qeydə alınmışdı. İki il sonra isə gəminin soyutma sistemində sızma baş vermişdi.


1989-cu ildə istismardan çıxarılan gəmi ümumilikdə 30 il fəaliyyətdə olub. Buzqıran gəmi bu müddət ərzində Şimal dəniz yolu ilə 654 min mil məsafə qət edib.