Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qardaşlaşmış limanların dördüncü iclası keçirilib

216

Bu gün Türkiyənin Samsun şəhərində, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qardaşlaşmış limanların dördüncü iclası keçirilib. Görüşdə qardaşlaşmış limanlar olan Bakı Limanı, Qazaxıstanın Aktau və Kurik Limanları və eyni zamanda, Samsun Limanının fəaliyyəti barədə təqdimat həyata keçirilib. Burada çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Beynəlxalq əməkdaşlıq departamentin rəhbəri Aynur Səmədova Bakı Limanı ilə bağlı məlumat verərək bildirib ki, yük daşıma göstəricisi hər il yaxşılaşan Bakı Limanı növbəti dəfə Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” – ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatına layiq görülüb.

Bakı Limanında istifadəyə veriləcək gübrə terminalı ilə bağlı da məlumat verən departament rehbəri əlavə edib ki, bu terminal ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq və əlavə olaraq limanda ümumi tutumu 60 000 ton olan iki anbar da istifadəyə veriləcək. Bu isə, Orta Asiyadan, Azərbaycandan keçməklə qərb ölkələrinə daşınan gübrə məhsulunun həcmini əhəmiyyətli dərəcədə artıracaq. Ümumilikdə tərəflər, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna cəlb edilən yükün həcminin artırılması üçün fikir mübadiləsi aparıblar. Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.